Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı şəhərinin bir neçə rayonunda və respublikanın müxtəlif bölgələrində 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirir.
Postxronika.az DİM-ə istinadən xəbər verir ki, imtahanda ümumilikdə 49 min 701 şagirdin iştirakı nəzərdə tutulub. Prosesin şəffaf və mütəşəkkil idarə olunması üçün ölkə üzrə 207 bina və 3664 imtahan zalı ayrılıb.
İmtahan saat 11:00-da başlayıb və hazırda ayrılmış binalarda proses davam edir. Qaydalara əsasən, saat 10:45-də buraxılış rejimi başa çatdığından həmin vaxtdan sonra gələn şagirdlərin binalara daxil olmasına icazə verilməyib. İştirakçılar imtahan zallarına yalnız buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədin əsli ilə buraxılıblar.
Məlumata görə, sağlamlıq imkanları məhdud 54 şagirdin imtahan verməsi üçün də hər cür şərait yaradılıb. Onlar üçün xüsusi zallar ayrılıb və ehtiyac duyulan hallarda fərdi nəzarətçilər təyin edilib.