YENİLƏNDİ - 14:03: Məlumat verildiyi kimi, Nizami rayonu Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən bəzi evlər subasmaya məruz qalıb.
Postxronika.az-ın əldə etdiyi məlumata görə, subasmaya səbəb uzun illər öncə Xətai rayonu Rəşid Bağırov 36/12b ünvanında kollektorun üzərində tikilən 2 mərtəbəli ev olub.
Belə ki, kollektorun üzərində tikilmiş evin xəttin üzərinə çökməsi nəticəsində borunun bir hissəsinin tutulması ilə yağış sularının kənarlaşdırılması problemi yaranıb.
Aidiyyəti qurumların mütəxəssislərinin rəyinə görə gələcəkdə belə halların digər ərazilərdə də təkrarlanmaması üçün qanunsuz inşa edilmiş evin təcili sökülərək xəttin bərpa edilməsi zəruridir.
YENİLƏNDİ - 13:42: Bakının Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən evlərin subasmaya məruz qalması ilə bağlı xilasetmə əməliyyatı genişləndirilib.
Postxronika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində 37 sakin təhlükəsiz əraziyə təxliyə olunub.
Hazırda hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri, o cümlədən suçəkmə işləri intensiv şəkildə davam etdirilir.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Adil Abdullayev vəziyyətlə tanış olmaq və əməliyyatın gedişatına nəzarət etmək üçün ərazidədir.
13:23
Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən evləri su basıb.
Postxronika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Hazırda su basmış evlərdən vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.