Böyük Britaniyanın Baş naziri Kir Starmer əvvəllər antisemit fikirlər səsləndirmiş amerikalı reper Kanye Vestin Londondakı "Wireless" musiqi festivalında iştirakını kəskin şəkildə qınayıb. Hökumət rəhbəri hesab edir ki, nasizmi tərifləyən bir şəxsin belə tədbirlərdə səhnəyə çıxması cəmiyyətdə dərin narahatlıq yaradır və yəhudi icmasının təhlükəsizliyinə təhdiddir.

Postxronika.az xəbər verir ki, Liberal Demokratların lideri Ed Deyvi məsələyə daha sərt reaksiya verərək, qalmaqallı musiqiçinin ölkəyə girişinə ümumiyyətlə qadağa qoyulmasını tələb edib. Eyni zamanda, Yəhudi Liderlik Şurası təşkilatçıları sözügedən sənətçini proqrama daxil etdiklərinə görə kəskin tənqid edərək, bu addımı dərin məsuliyyətsizlik adlandırıb.

London meriyası isə bu qərarla heç bir əlaqələrinin olmadığını və ifaçının keçmiş hərəkətlərinin paytaxtın dəyərlərinə tamamilə zidd olduğunu vurğulayıb. Xatırladaq ki, Ye ləqəbli sənətçi bu ilin yanvarında bipolyar pozuntu səbəbindən yaranan psixoloji problemlərə istinad edərək əvvəlki səhvlərinə görə üzr istəsə də, ictimaiyyətin ona qarşı qəzəbi səngimək bilmir.