Azərbaycan aprelin 1-də Vladimir Putin və Nikol Paşinyan arasında keçirilən Moskva görüşündən sonra Rusiya rəsmilərinin ölkəmizin sırf daxili işlərinə aid açıqlamalarına kəskin etiraz edib. Diplomatik kanallar vasitəsilə Kremlin diqqətinə çatdırılıb ki, regiondan, xüsusən də Dmitri Peskovun səsləndirdiyi kimi, Qarabağ mövzusundan siyasi məqsədlər üçün istifadə edilməsi tamamilə yolverilməzdir.

Postxronika.az xəbər verir ki, rəsmi Bakı bölgənin əzəli ərazimiz olmasının xarici qərarlara deyil, yalnız tarixə, ədalətə və beynəlxalq hüquqa əsaslandığını xatırladıb. Vurğulanıb ki, ərazi bütövlüyümüz 44 günlük Vətən müharibəsi və 2023-cü ildəki antiterror tədbirləri ilə şərtsiz bərqərar olunub. Yekun olaraq, dövlət suverenliyimizə aid məsələlərin mürəkkəb Rusiya-Ermənistan münasibətlərinin aydınlaşdırılması alətinə çevrilməməsi birmənalı şəkildə tələb edilib.