Ölkə ərazisində müşahidə olunan intensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri gecə boyu fasiləsiz fəaliyyət göstərib. 


Postxronika.az xəbər verir ki, hazırda paytaxtın Nizami, Sabunçu, Suraxanı, Binəqədi və Səbail rayonları ilə yanaşı, Sumqayıt şəhəri və Abşeron yarımadasında genişmiqyaslı suçəkmə işləri icra olunur. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Xızı, Şabran və Xaçmaz rayonlarında da təhlükəsizlik tədbirləri yüksək səviyyədə davam etdirilir. Prosesə Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin şəxsi heyəti cəlb olunub. Regional mərkəzlərin texnikaları vasitəsilə su basmış ərazilərin qurudulması və infrastrukturun bərpası istiqamətində zəruri addımlar atılır. Fəsadların tam aradan qaldırılması üçün bütün qüvvələr səfərbər edilib.