Bakının Xətai rayonunda təhlükəsizlik qaydalarının pozulması ağır faciəyə səbəb olub.
Postxronika.az Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) istinadən xəbər verir ki, rayon sakini İlham Qasımov "VAZ" markalı avtomobilini sərt enişli ərazidə, qapıları açıq və nəzarətsiz vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Bu zaman onun 7 və 6 yaşlı övladları nəqliyyat vasitəsinə daxil olaraq sürətlər qutusuna müdaxilə ediblər.
Nəticədə hərəkətə gələn avtomobil eniş istiqamətində sürət yığaraq yoldakı iki qadın piyadanı vurub. Hadisə zamanı piyadalardan biri aldığı xəsarətlərdən həyatını itirib, digəri isə yaralanıb. Uşaqlar avtomobil hərəkət edərkən düşməyə imkan tapsalar da, sürücünün məsuliyyətsizliyi bir nəfərin ölümü ilə nəticələnib.
BDYPİ xatırladır ki, "Yol hərəkəti haqqında" Qanuna əsasən, enişli yolda saxlanılan avtomobilin duracaq tormoz sistemi (ruçnoy) mütləq qoşulmalı, təkərlər təhlükəsiz istiqamətə çevrilməli və qapılar kilidlənməlidir.