AzerGold” QSC “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunmuş gümüş xatirə sikkəsini təqdim etməyə hazırlaşır. 

Postxronika.az xəbər verir ki, dahi memarın zəngin irsini əks etdirən bu yeni məhsul innovativ “smartminting” texnologiyası ilə hazırlanıb. Bu xüsusi üsul sikkə üzərində ultra yüksək relyef və incə dizayn detallarının çoxölçülü vizual effektlərlə birləşməsinə imkan yaradıb. Limitli sayda istehsal olunan sikkələrin üzərində memarın və onun davamçılarının ərsəyə gətirdiyi tarixi abidələrin təsvirləri yer alıb. Layihənin əsas qayəsi Azərbaycanın qədim memarlıq incilərini beynəlxalq səviyyədə təbliğ etmək və milli dəyərləri gələcək nəsillərə ötürməkdir. Qeyd edək ki, qurum bundan əvvəl də “Qarabağ inciləri”, “Şuşa” və “İçərişəhər” kimi mühüm kolleksiyalarla mədəni irsimizin tanıdılmasına dəstək verib. Yeni sikkə həm kolleksiyaçılar, həm də sənətsevərlər üçün unikal bir eksponat hesab olunur.