Azərbaycanın dini konfessiya rəhbərləri ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) 2026-cı il üçün hazırladığı illik hesabatdakı əsassız iddialara dair birgə bəyanat yayıblar. 

Postxronika.az xəbər verir ki, sənəddə ölkəmizdəki dini vəziyyətin qərəzli qiymətləndirilməsi qətiyyətlə rədd edilir və bu yanaşmanın müəyyən lobbi qruplarının maraqlarına xidmət etdiyi vurğulanır.


Dini liderlər respublikamızın qlobal miqyasda multikulturalizm mərkəzi kimi tanındığını və müxtəlif inancların sülh şəraitində birgə yaşayışının nümunəvi model olduğunu qeyd ediblər. Bəyanatda işğaldan azad edilmiş ərazilərdəki mədəni-dini irsin bərpası prosesinin təhrif olunması xüsusilə təəssüf doğuran məqam kimi səciyyələndirilir.


Məktubda həmçinin beynəlxalq nüfuza malik din xadimlərinin Azərbaycanın tolerantlıq mühiti haqqında müsbət rəyləri xatırladılaraq, ABŞ qurumunun obyektivlikdən uzaq qərarını dəyişməsi tələb olunub. Sonda bu cür ədalətsiz yanaşmaların ikitərəfli münasibətlərə və regional sabitlik səylərinə xələl gətirdiyi diqqətə çatdırılıb.