Qlobal siyasi arenada baş verən son hadisələr beynəlxalq təhlükəsizlik sistemində ciddi çatların yarandığını nümayiş etdirir. Ekspertlərin fikrincə, ABŞ və İran arasındakı gərginlik fonunda Vaşinqtonun müttəfiqləri tərəfindən tək buraxılması NATO-nun gələcəyini və yeni modelə keçid ehtimalını gündəmə gətirib.

Mövzuyla bağlı politoloq Tural İrfan Postxronika.az-a açıqlamasında bildirib ki,əslində bu müharibə İsrailin təhriki ilə baş verdi və ABŞ burada əsas rolda olmadı. 

Bu, əslində ABŞ və İranın savaşından daha çox İsraillə İranın savaşı idi. Məhz buna görə də Avropa İttifaqı və NATO-nun münasibəti fərqli oldu. NATO-nun ABŞ ilə münasibətlərinin kəskinləşməsi alyansın sonu demək deyil. Lakin İranla baş verən münaqişədə atəşkəsdən sonra yeni müharibə başlasa təbii ki, yeni alyansın yaranması da aktual ola bilər. ABŞ və bəzi Avropa ölkələrinin iştirakı ilə yeni alyansın, yeni ordunun yaranması mümkündür. Amma bu, hədəflərin müəyyən edilməsi zəminində baş verə bilər. Əgər sözü gedən ölkələrin ortaq hədəf maraqları uzlaşarsa təbiidir ki, bu məqsədə çatmaq üçün yeni ordu yarana bilər. Amma sırf Avropa üçün ayrıca Avropa ordusunun indiki halda yaranması ehtimalı azdır.