Elektron Təhlükəsizlik Xidməti (ETX) Macarıstanın Milli Kibertəhlükəsizlik Mərkəzindən daxil olan müraciət əsasında geniş araşdırma aparıb.
Postxronika.az xəbər verir ki, təqdim olunan texniki göstəricilərin təhlili nəticəsində yerli təşkilatlardan birinə məxsus veb-resursun kiberhücuma məruz qaldığı müəyyən edilib. Kibercinayətkarlar həmin serverə zərərli kodlar yerləşdirərək, ondan digər dövlətlərin sistemlərinə müdaxilə və fişinq məqsədləri üçün platforma kimi istifadə ediblər.
Görülən operativ tədbirlər nəticəsində zərərli fayllar sistemdən silinib və infrastrukturun normal fəaliyyəti bərpa olunub. ETX rəsmiləri bildirir ki, bu cür hallar ölkədəki təhlükəsizlik tələblərinə cavab verməyən zəif sistemlər vasitəsilə həyata keçirilir. Qurum informasiya sistemləri sahiblərini öz infrastrukturlarını mütəmadi olaraq yoxlamağa və kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb. Hazırda potensial boşluqların aradan qaldırılması istiqamətində nəzarət tədbirləri davam etdirilir.