Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərarası dostluq qruplarının sədrləri və üzvləri Bakıda Zəfər Tağı önünə gəliblər.

Postxronika.az xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım öz sosial media hesabında paylaşım edib. O, bu abidənin Qarabağda qazanılan möhtəşəm qələbəni və şəhidlərimizin sarsılmaz iradəsini simvolizə etdiyini vurğulayıb.

Ziyarət zamanı qardaş xalqın ədalətli mübarizəsi hörmətlə anılıb və şəhidlərin xatirəsinə minnətdarlıq ifadə olunub. Nümayəndə heyəti proqram çərçivəsində Fəxri xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin məzarını da ehtiramla ziyarət edib. Bu görüş parlamentlər səviyyəsində üçtərəfli birliyin və mənəvi həmrəyliyin növbəti göstəricisi kimi qiymətləndirilir.