​"Qarabağ"ın fransalı yarımmüdafiəçisi və komandanın kapitanı Abdullah Zubirin bu yay Azərbaycanı tərk edəcəyi gözlənilir.

Postxronika.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, təcrübəli futbolçu Qətərin "Əl Şahaniya" klubu ilə rəsmi müqavilə imzalamağa çox yaxındır.

​Məlumata əsasən, tərəflər arasında keçirilən danışıqlar uğurla başa çatıb və razılıq əldə olunub. Transferin maliyyə şərtləri və digər təfərrüatları hələlik rəsmi şəkildə açıqlanmır. Qeyd edək ki, Zubirin "Qarabağ" ilə olan hazırkı müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir, bu isə keçidin ya transfer kompensasiyası, ya da tərəflərin qarşılıqlı razılığı əsasında baş tutacağını ehtimal edir.

​Abdullah Zubir "Qarabağ" forması ilə keçirdiyi 355 matçda 77 qol vurub və 94 məhsuldar ötürmə ilə yadda qalıb. O, Ağdam təmsilçisinin avrokuboklardakı və daxili çempionatdakı uğurlarında əsas fiqurlardan biri olub.

​Futbolçunun yeni ünvanı olması gözlənilən "Əl Şahaniya" klubu hazırda Qətər çempionatında çətin günlərini yaşayır. Komanda turnir cədvəlində 12 klub arasında 11-ci pillədə qərarlaşıb və yüksək liqada qalmaq uğrunda mübarizə aparır.