Cəmiyyət olaraq çox adamı öyür, bir o qədərini də söyürük. Problem isə bu aktın nə dərəcədə əsaslı olmasındadır. Məsələn, elə keçən həftə dünyasını dəyişən faşist Zori Balayanı götürək.
Yeddidən yetmiş yeddiyə kimdən soruşsan ki, Zori Balayanı niyə söyürsən, cavab verəcək ki, kitablarının birində türk uşağının dərisini soymasından bəhs edib. Əslində isə, belə bir kitab yoxdur və heç vaxt da olmayıb. Olmayan bir hadisədən rəvayət yaradıb dildən-dilə ötürmüşük.
Əlbəttə, Zori Balayan əli qanlı və qələmli bir terrorçudur. Onun qələmindən mürəkkəb əvəzinə qan axır. Amma mövcud olmayan kitabındansa, faktlarla sübut olunmuş kitablarından daha çox şey tapmaq olardı. Söhbət Monte Melkonyanın qardaşı Markar Melkonyanın "My Brother's Road" (Mənim qardaşımın yolu) kitabından gedir. Bu əsər akademik baxımdan daha etibarlı sübut sayılır. ABŞ-də çap olunan və rəsmi ISBN nömrəsinə sahib olan bu kitabda müəllif Xocalı soyqırımını "qisas aktı" kimi təsvir edir.
Zori Balayanın adı hallanan kitabla müqayisədə Markar Melkonyanın əsəri akademik dairələrdə rəsmi sənəd kimi qəbul olunur. Kitab ABŞ-də ("I.B. Tauris" nəşriyyatı tərəfindən) çap edilib, bütün beynəlxalq biblioqrafik standartlara cavab verir və dünyanın ən nüfuzlu universitet kitabxanalarında mövcuddur.
Əgər tənqid akademik bir mənbə üzərindən aparıla bilərdisə və həmçinin soyqırım faktı üçün yüzlərlə dəlil var idisə, olmayan bir kitab üzərindən yalançı təbliğata nə gərək var idi?
Zori Balayanın iddia olunan kitabına qayıdaq. Söhbət "Ruhumuzun dirçəlişi" əsərindən gedir. Kitabın mövcudluğu belə şübhə altındadır. Dünyanın heç bir böyük kitabxanasında (məsələn, ABŞ Konqres Kitabxanası, Rusiya Dövlət Kitabxanası və ya Avropa universitetlərinin arxivləri) bu kitabın fiziki nüsxəsi və ya rəsmi qeydiyyat nömrəsi (ISBN) mövcud deyil.
Zaman-zaman iddialar səsləndirilib ki, kitab 1996-cı ildə Vanadzorda (və ya Xankəndidə) kiçik tirajla çap olunub və məsələ böyüdükdən sonra erməni xüsusi xidmət orqanları tərəfindən tirajın böyük hissəsi toplanaraq məhv edilib. Amma bir kitabın mövcudluğunu sübut etmək üçün onun kataloq məlumatları və ya ən azı bir orijinal nüsxəsinin (üz qabığı və iç səhifələri ilə birlikdə) fotosu lazımdır. Bu isə heç yerdə yoxdur.
Tomas de Vaal da bu kitabın mövcud olmadığını, mətnin sonradan uydurulduğunu iddia edib. De Vaal qeyd edir ki, o, şəxsən bu kitabı axtarıb, lakin tapa bilməyib. Bəs De Vaal kimdir? Tanınmış Britaniya jurnalisti, yazıçı və Qafqaz regionu üzrə ekspert. Hazırda "Carnegie Europe"da baş elmi işçi vəzifəsində çalışır. O, əsasən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı geniş tədqiqatları, o cümlədən "QaraBağ: Ermənistan və Azərbaycan Sülh və Müharibə Yolu ilə" adlı mühüm kitabı ilə tanınır. Bu baxımdan, onun qərəzli olduğunu iddia etmək əsassızdır.
Bəli, Zori Balayan lənətlənməyə layiq adamdır, amma bu uydurma kitaba görə deyil, məhz faşist olduğu üçün.
Ümumiyyətlə, Zori Balayan haqqında həqiqəti bilmək istəyənlər xarici dildə yazılmış mənbələrdən oxumalıdırlar. Həmin mənbələrdən seçdiyim bəzi faktları təqdim edirəm, hansı ki, azərbaycandilli mənbələr bunları ya gizlədib, ya dəyişib, ya da ən real ehtimal kimi, sadəcə bunlardan xəbərsiz olublar:
İddialara görə, Zori Balayan 1994-cü ildə Bakıdakı metro terrorunun təşkilatçısı olub və Azərbaycan hakimiyyəti bu əsasla onu İnterpola verib. O, 2002-ci ildə İtaliya sahillərində polis əməkdaşları tərəfindən saxlanılaraq sorğuya çəkilib. Lakin orada məlum olub ki, Balayanın hüquqi məsuliyyəti yoxdur və polislər onu sərbəst buraxıblar. Bu barədə İnterpolun baş katibi tərəfindən imzalanmış qərar da mövcuddur.
Zori Balayanın KQB əməkdaşı olması barədə iddialar da var. Bunu inandırıcı edən iki ciddi fakt mövcuddur:
Birincisi, Zori qatı millətçi idi və buna baxmayaraq, millətçiliyin cinayət hesab olunduğu Sovet dövründə aktiv fəaliyyət göstərirdi: kitablar çıxarır, mediada görünür və siyasi mühitdə iştirak edirdi.
İkincisi, Sovet dövründə Arktika və şimal qütbünə səyahət yalnız KQB-nin nəzarəti ilə mümkün ola bilərdi ki, Zori bunu da etmişdi.
Zori Balayan Ermənistan cəmiyyətində də kifayət qədər ziddiyyətli fiqurdur. Erməni millətçi dairələri və diasporu onu qəhrəman elan etsələr də, bəzi erməni ziyalılar üçün Zori Balayan nifaq toxumu səpən ziyanlı provokatordur. ABŞ-də yaşayan erməni tarixçi və keçmiş diplomat Gerard Libaridianın akademik yazıları, siyasi analitik Aleksandr İsgəndəryanın Qarabağ hərəkatı ilə bağlı esseləri, politoloq Arman Qriqoryanın Qarabağ münaqişəsinin ideoloji narrativləri haqqında tənqidi məqalələri və eks-prezident Levon Ter-Petrosyanın tənqidi çıxışları buna əyani sübutdur.
Balayan türklərə qarşı çox sərt və emosional ifadələri ilə yadda qalan radikal erməni millətçisidir. Onun neytral mənbələrdən seçilən bəzi fikirləri:
"Dağlıq Qarabağ tarixi erməni ərazisidir və Ermənistana birləşdirilməlidir".
"Bizə görə Qarabağ uğrunda mübarizə haqq və ədalət məsələsidir".
"Xaricdəki erməni diasporlarının Qarabağ mövzusunda müqəddəs öhdəlikləri var".
"Bir millət öz tarixini yaşatdığı qədər yaşayır".
Göründüyü kimi, "Qarabağ" və "millət" sözləri olmasa, Balayan yazmağa heç nə tapmazdı. Bütün yaradıcılığını başdan-ayağa bu faşist diskurs üzərində inşa edib.
Ən azından sevinmək lazımdır ki, yer üzündə bir faşist azaldı. Tarix və gələcək nəsillər istər onu, istərsə də onun yazdıqlarını unutmayacaq, nifrət və ibrət hissi ilə xatırlayacaq. Həmin mətnlər nifrətin və düşmənçiliyin necə ideologiyaya çevrildiyinin və bütöv bir nəslin beyninin necə yuyulduğunun nümunəsi kimi oxunacaq.