Tom Henksin baş rolda oynadığı "Greyhound" hərbi dramı "Apple TV" platformasında tarixi uğura imza ataraq ən çox izlənilən ekran işlərindən birinə çevrilib. Əslində "Sony" şirkətinin kinoteatrlar üçün hazırladığı bu film pandemiya dövründə 70 milyon dollara "Apple" şirkətinə satılmışdı. Rejissor Aaron Şnayderin imzasını daşıyan layihə Henksin İkinci Dünya Müharibəsi mövzusuna olan xüsusi marağının uğurlu davamı hesab olunur.
Postxronika.az xəbər verir ki, "Greyhound" artıq 650 gündən çoxdur ki, platformanın daxili reytinq cədvəllərində öz mövqeyini möhkəm saxlayır. Bu nəticə ilə o, Mark Uolberqin baş rolda olduğu "Ailə planı" filmindən sonra platformanın ən uzunömürlü ikinci layihəsi kimi tarixə düşüb. Ekspertlər ekran işinin populyarlığını həm rəqabətin azlığı, həm də süjetin dinamik quruluşu ilə əlaqələndirirlər. "Rotten Tomatoes" portalında 78% müsbət rəy qazanan film yüksək keyfiyyətli döyüş səhnələri ilə tamaşaçıların rəğbətini qazanıb.
Ekran əsərinin əldə etdiyi böyük maraqdan sonra prodüserlər artıq filmin davamı üzərində işlərə başlayıblar. Tom Henks bu uğurlu əməkdaşlığın ardınca "Apple" üçün "Səmanın ustaları" adlı miniserialı da ərsəyə gətirərək hərbi janrdakı peşəkarlığını bir daha nümayiş etdirdi. Hazırda çəkilişləri davam edən ikinci hissə ilə bağlı detalların yaxın zamanda ictimaiyyətə açıqlanacağı gözlənilir.