Vətəndaşları ən çox düşündürən məsələlərdən biri vəfat etmiş şəxsin əmlakının vərəsələrə verilməsi müddətidir. Qanunvericilikdə bu proses üçün 6 aylıq vaxt nəzərdə tutulsa da, bir çox hallarda təcili sənədləşməyə ehtiyac yaranır.Bəs, hüquqi baxımdan əmlakı 6 aydan tez rəsmi qaydada vərəsələrin adına keçirmək mümkündürmü? Əgər mümkündürsə, bunun hüquqi proseduru necədir və hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Postxronika.az-a açıqlamasında bildirib ki,ümumiyyətcə, vərəsələr şəxs vəfat etdikdən sonra açılan vərəsəlik işi əsasında vəfat eləyən şəxsin yaxın qohumları tərəfindən təyin olunan şəxslərdir.
Hər hansı bir formada miras əmlakı ilə bağlı təcili əməliyyatların görülməsi üçün vətəndaşlar, varislər notariat orqanına müraciət eləyə bilər.
Burada təcili əməliyyatlar dedikdə, əsasən, tutaq ki, hər hansı bir kreditorlar qarşısında öhdəliyin icra olunması, hər hansı bir şirkətin bank qarşısında müəyyən fəaliyyətinin və yaxud da müqavilə münasibətlərində olduğu və eyni zamanda işçilərinin qarşısında məsul olduğu halda müəyyən fəaliyyətin həyata keçirilməsi üçün notariat orqanı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1319-cu maddəsinə əsasən əmlakın idarəçisi təyin oluna bilər.Və burada varislər qarşılıqlı şəkildə razılaşma ilə aralarından bir nəfəri əmlak idarəçisi olaraq təyin edə bilərlər. Bununla bağlı müvafiq məktub və yaxud arayış dövlət qurumuna təqdim olunur və dövlət qurumu da həmin əməliyyatı məhz o səbəbdən icra edə bilir. Amma ümumilikdə götürdükdə isə qanunvericilikdə nəzərdə tutulan müddətlərə riayət olunması məcburdur. O altı aylıq müddət də ona görə müəyyən olunmuşdur ki, vərəsələrin dairəsi və miras əmlakının mövcudluğu ciddi şəkildə araşdırılsın ki, gələcəkdə bununla bağlı hər hansı bir mübahisələrin baş verməsinə lüzum qalmasın.
Nurgül Yusifova