"The Lord of The Rings" kainatının növbəti filmi olan "The Hunt for Gollum"un ulduz heyəti rəsmi olaraq açıqlanıb. ''Warner Bros.'' və ''New Line'' şirkətləri ''CinemaCon'' tədbirində maraqlı təfərrüatları bölüşüblər. Ekran əsərində əfsanəvi Araqorn obrazını bu dəfə məşhur aktyor Ceymi Dornan canlandıracaq. Rejissor kürsüsündə isə həm də Qollumu oynayacaq Endi Serkis əyləşəcək.


Postxronika.az xəbər verir ki, köhnə heyətdən İan Makkelen Qandalf, Elayca Vud isə Frodo rolları ilə geri qayıdırlar. Həmçinin çəkilişlərə Keyt Uinslet və Leo Vudall kimi tanınmış simalar da qoşulub. Tranduil obrazı ilə yadda qalan Li Peys də yenidən Orta Dünya macərasına daxil olub. Bu hissə "Hobbit" və "The Lord of The Rings" arasındakı zaman kəsiyində cərəyan edən hadisələri işıqlandıracaq. Fantastik dramın 17 dekabr 2027-ci ildə izləyicilərə təqdim edilməsi gözlənilir.


Tədbirdə gələcəkdə "Shadow of the Past" adlı növbəti filmin də ərsəyə gələcəyi bildirilib. Endi Serkis klassik ənənələri qoruyaraq istedadlı sənətçiləri bir araya gətirməkdən qürur duyduğunu vurğulayıb. Pərəstişkarlar illər sonra sevimli qəhrəmanlarını yenidən ağ ekranda görmək fürsəti qazanacaqlar. Bu möhtəşəm qayıdış kino dünyasında böyük rezonans doğurub.