Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyasının təntənəli açılış mərasiminə qatılıb.
Postxronika.az xəbər verir ki, tədbirdə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, PAİ rəhbərliyi və BMT rəsmiləri çıxış edərək müzakirələrin önəmini vurğulayıblar.
"Gələcək nəsillər naminə ümidin gücləndirilməsi, sülhün təmin edilməsi və ədalətin qorunması" devizi altında keçirilən toplantıda qlobal təhlükəsizlik məsələləri diqqət mərkəzindədir. Sessiya çərçivəsində parlamentlərin sülhün qorunması istiqamətindəki fəaliyyətinin gücləndirilməsinə dair mühüm təşəbbüslər nəzərdən keçiriləcək. İşgüzar səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin müxtəlif ölkələrin təmsilçiləri ilə əməkdaşlıq perspektivlərini müzakirə edəcəyi gözlənilir. Bu nüfuzlu platforma beynəlxalq dialoqun inkişafı və dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.