Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qeydiyyata alınmamış idman qidaları və bioloji aktiv qida məhsullarının (BAQM) istehsalı, emalı, həmçinin dövriyyəsinin qadağan olduğunu diqqətə çatdırıb.
Postxronika.az Azərbaycan Qida Təhlükəsizlik Agentliyinə istinadən xəbər verir ki, bu sahədə fəaliyyət göstərən sahibkarlar öz işlərini mövcud qanunvericiliyin tələblərinə tam uyğunlaşdırmalıdırlar. Xüsusilə idxal edilən bu növ məhsulların Agentlik tərəfindən verilmiş müvafiq sağlamlıq aktına malik olması mütləq şərtdir.
İstehsalçı və satıcılara malların mənşəyi, tərkibi və təhlükəsizliyi ilə bağlı sənədləri təmin etmək, habelə etiketlənmə qaydalarına ciddi riayət etmək tövsiyə olunur. Qurum tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı qayda pozuntuları aşkar edilərsə, məsul şəxslər barəsində qəti tədbirlər görüləcəkdir. Bu addımlar həm istehlakçıların sağlamlığının qorunması, həm də bazarda ədalətli rəqabət mühitinin təmin edilməsi məqsədi daşıyır.