Müdafiə Nazirliyinin rəhbər heyəti azad olunmuş torpaqlarımızda xidmət edən hərbi qulluqçularla görüşərək onların təminat məsələləri və sosial-məişət şəraiti ilə yaxından maraqlanıb.

Postxronika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, general-polkovnik Zakir Həsənova şəxsi heyətin döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün bölmələrdə müasir standartlara cavab verən bütün imkanların yaradıldığı məruzə edilib. Nazir çıxışında hərbi qulluqçuların mənzil-məişət halının yaxşılaşdırılmasının daima ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb.

Ziyarət zamanı hərbi hissənin təlim şəhərciyində keçirilən hazırlıq məşğələləri izlənilib, artilleriya vasitələrinin texniki vəziyyəti və istismarı yoxlanılıb. Müdafiə naziri şəxsi heyətin peşəkarlığının artırılması və vəzifə borclarının layiqincə yerinə yetirilməsi istiqamətində müvafiq tapşırıqlar verib. Bu cür mütəmadi görüşlər ordumuzun döyüş ruhunun yüksəldilməsi və xidməti şəraitin daha da təkmilləşdirilməsi məqsədi daşıyır.