“Böyük Qayıdış” proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzurda əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülür. 

Postxronika.az xəbər verir ki, qurumda müxtəlif dövlət agentlikləri, bərpa-tikinti xidmətləri və iri müəssisələrin nümayəndələri ilə keçirilən növbəti görüşdə bu istiqamətdəki prioritetlər müzakirə olunub. Nazir müavini Rəşad Mustafayev doğma yurdunda məskunlaşan vətəndaşların yalnız işlə təminatı deyil, həm də onların yeni peşə bacarıqlarına yiyələnməsi və özünüməşğulluq proqramları vasitəsilə kiçik ailə bizneslərini qurmalarının vacibliyini vurğulayıb.

Toplantıda işğaldan qurtarılmış bölgələrdə fəaliyyət göstərən işçi və işəgötürənlər üçün dövlət tərəfindən tətbiq olunan vergi, sosial sığorta və digər mühüm güzəştlər barədə ətraflı məlumat verilib. İştirakçı qurumların nümayəndələri ilə birlikdə vətəndaşların iqtisadi fəallığının artırılması və regionun iqtisadi potensialının dirçəldilməsi üçün gələcək əməkdaşlıq mexanizmləri nəzərdən keçirilib. Bu birgə səylər azad edilmiş torpaqlarda sosial rifahın yüksəldilməsinə və qayıdış prosesinin daha səmərəli təşkilinə xidmət edir. Sonda bölgədə dayanıqlı məskunlaşmanı təmin etmək üçün əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və yeni vakansiyaların yaradılması ətrafında fikir mübadiləsi aparılıb.