Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın tarixi yaddaşı təhrif etmək cəhdlərini "hər ailədə bir naqis tapılar" atalar sözü ilə şərh edib.
Postxronika.az xəbər verir ki, diplomat bu barədə TASS agentliyinə verdiyi müsahibədə danışıb. O, İkinci Dünya müharibəsi iştirakçılarının bəzi varislərinin bu gün faşizmə bəraət qazandırmasını acınacaqlı hal kimi qiymətləndirib. Zaxarovanın sözlərinə görə, oxşar meyillər bir vaxtlar Rusiyada da müşahidə olunsa da, xalqın öz həqiqi keçmişinə sahib çıxması vacibdir. XİN rəsmisi vurğulayıb ki, nasistlərin "Ost" planı əraziləri zəbt etməyi deyil, yerli əhalini tamamilə məhv etməyi nəzərdə tuturdu. Sonda o, başqalarını tənqid etməzdən əvvəl hər kəsi öz tarixi yaddaşını və qəhrəmanlarını müqəddəs tutmağa çağırıb.