Rusiya və Hindistan hərbi personalın, eləcə də gəmi və təyyarələrin qarşılıqlı şəkildə bir-birinin ərazisinə göndərilməsi prosedurlarına dair hökumətlərarası saziş imzalayıblar.
Postxronika.az xəbər verir ki, rəsmi hüquqi informasiya portalında dərc olunan sənəd artıq cari ilin 12 yanvar tarixindən etibarən hüquqi qüvvəyə minib. Razılaşmaya əsasən, qarşı tərəfin ərazisində eyni vaxtda maksimum 5 hərbi gəmi, 10 təyyarə və 3000 nəfərə qədər şəxsi heyət toplana bilər.
Sənəd təkcə hərbi qüvvələrin yerləşdirilməsini deyil, həm də logistik dəstək məsələlərini tənzimləyir. Yeni prosedurlar birgə təlimlər, humanitar yardımların göstərilməsi və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı tətbiq olunacaq. Həmçinin bu razılaşma hər iki dövlətin hava məkanından istifadəni və hərbi gəmilərin limanlara daxil olmasını xeyli sadələşdirir. Beləliklə, Moskva və Dehli arasında müdafiə sahəsindəki strateji tərəfdaşlıq yeni müstəviyə qədəm qoyur.