Məşhur ulduzlar Ays Kub və Kris Takkerin övladları "Los-Anceles Rams" klubunun yeni layihəsi üçün bir araya gəliblər. O’Şi Cekson və Destin Takker atalarının 1995-ci ildə çəkildiyi əfsanəvi "Friday" komediyasını xüsusi tanıtım çarxı üçün yenidən canlandırıblar. "Thursday" adlanan bu qısa ekran işi komandanın növbəti mövsüm seçimləri (draft) kampaniyasının əsasını təşkil edir.


Postxronika.az xəbər verir ki, layihədə Terri Krüs və reper YG kimi tanınmış simalar da yer alıblar. Maraqlıdır ki, çəkilişlər filmin orijinal məkanda, İnglvud şəhərindəki tarixi evdə baş tutub. Yaradıcı heyət bu addımla ''NFL'' seçimləri ərəfəsində şəhərin zəngin mədəni irsinə və sadiq azarkeş ordusuna olan hörmətini ifadə etməyi hədəfləyib. Belə bir yanaşma həm idman, həm də kino həvəskarları arasında böyük coşquya səbəb olub.


Klubun marketinq rəhbəri Ketrin Kay-Linq Frederik bu layihənin Los-Anceles mədəniyyətinə ehtiram göstəricisi olduğunu bildirib. Orijinal obrazların varisləri tərəfindən təqdim edilməsi pərəstişkarlar üçün unikal bir təcrübə hesab olunur. reklam kampaniyası çərçivəsində azarkeşlər üçün Hollivud Parkda müxtəlif əyləncə zonaları və xüsusi festivalların keçirilməsi də nəzərdə tutulub. Bununla da, klub həm tarixi keçmişi, həm də gələcək uğurlarını eyni müstəvidə birləşdirib.