Peşəkar Çövkən Liqasında növbəti turun oyunları maraqlı nəticələrlə yadda qalıb.
Postxronika.az Azərbaycan Respublikası Atçılıq Federasiyasına istinadən xəbər verir ki, dördüncü turun yekunlarına əsasən, “Polad” və “Sərhədçi” komandaları 12 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıblar. Çempionluğa iddialı “Elite” klubu autsayder “Şamaxı” ilə qolsuz bərabərliyə razılaşaraq 10 xalla üçüncü pilləyə geriləyib. “Polad” və “Sərhədçi” kollektivləri isə rəqiblərinə eyni (2-0) hesabla qalib gələrək liderlik mövqelərini möhkəmləndiriblər. Turun ən məhsuldar qarşılaşmasında “Embawood” komandası “Xəzər”i 6-1 hesabı ilə darmadağın edib, “Omar” klubu isə rəqibinin oyuna gəlməməsi səbəbindən texniki qələbə qazanıb. Hazırda bombardirlər siyahısına 10 qolla Şəfayət Budaqov başçılıq edir, növbəti turun oyunları isə aprelin 24-25-də baş tutacaq.