Azərbaycanda yaxın iki gün ərzində hava şəraitinin kəskin dəyişəcəyi və bəzi ərazilərdə fırtına dərəcəli şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Postxronika.az Milli Hidrometeorologiya Xidmətinin rəsmi məlumatına istinadən xəbər verir ki, aprelin 19-dan 20-nə keçən gecə və gün ərzində ölkə ərazisində küləkli hava şəraiti ilə bağlı həm sarı, həm də narıncı xəbərdarlıq qüvvəyə minib. Bakıda, Abşeron yarımadasında, eləcə də Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Gəncə, Göygöl, Samux, Ağdam, Yevlax, Tərtər, Bərdə, Göyçay, Neftçala, Salyan, Quba, Şabran, Siyəzən, Qobustan, Şəki, Qəbələ, Oğuz, Kəlbəcər, Cəbrayıl, Füzuli, Laçın və Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq küləyin sürətinin 13.9-20.7 m/san təşkil edəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Qusar, Xaçmaz, Xızı, Lerik və Yardımlı rayonlarında daha təhlükəli hava şəraiti olan narıncı xəbərdarlıq elan edilib ki, burada küləyin sürəti 20.8-28.4 m/san həddinədək güclənəcək. Mütəxəssislər güclü külək səbəbindən əhalini ehtiyatlı olmağa, hündür qurğuların, iri ağacların və zəif bərkidilmiş konstruksiyaların yaxınlığında dayanmamağa çağırır, eyni zamanda dənizdə dalğalanmanın artacağı barədə xəbərdarlıq edir.