Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ölkə üzrə eyni vaxtda yeddi fərqli istiqamətdə, o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu və kolleclərə qəbul, əlavə xarici dil və tədris dili, həmçinin üzrlü səbəbdən martda iştirak edə bilməyən XI sinif şagirdləri və eksternat qaydasında attestasiyadan keçənlər üçün kütləvi imtahanlar təşkil olunub.
Postxronika.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, Bakı, Naxçıvan, Gəncə və digər iri şəhərlər də daxil olmaqla ümumilikdə 20-dən çox bölgədə keçirilən prosesdə 37 338 abituriyentin iştirakı nəzərdə tutulub ki, onlardan da 90 nəfərini sağlamlıq imkanları məhdud şəxslər təşkil edib. İmtahanların idarə olunması üçün 4 mindən çox inzibati heyət cəlb olunsa da, bütün xəbərdarlıqlara rəğmən qayda pozuntularına yol verilib; belə ki, üzərində mobil telefon aşkarlanan 9 nəfər dərhal imtahandan xaric edilib və nəticələri ləğv olunaraq barələrində araşdırma başladılıb. Hazırda imtahan protokollarının emalı davam etdirilir.