Milli Hidrometeorologiya Xidmətinin ölkə ərazisində yağıntılı və küləkli hava şəraitinin müşahidə olunacağı ilə bağlı məlumatından sonra Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
Postxronika.az xəbər verir ki, qurum yolların sürüşkən olması və görmə məsafəsinin məhdudlaşması səbəbindən sürücüləri sürət həddini minimuma endirməyə, ara məsafəsini qorumağa və avtomobillərin texniki sazlığına diqqət yetirməyə çağırıb.
Eyni zamanda piyadalara yollarda daha məsuliyyətli olmaq, öz həyat və sağlamlıqlarını təhlükəyə atan qayda pozuntularından uzaq durmaq tövsiyə edilib. İdarə bir daha vurğulayıb ki, qeyri-sabit hava şəraitində ehtiyatlı davranmaq və yol hərəkəti qaydalarına ciddi riayət etmək mütləqdir. Bu cür profilaktik tədbirlər baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq məqsədi daşıyır.