Aprelin 20-də Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon və Niderlandın diplomatik nümayəndəsi Marian de Yonq ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə dəvət olunublar. 

Postxronika.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşlər zamanı hər iki ölkənin parlamentində aprelin 16-da qəbul edilmiş sənədlərlə bağlı kəskin etiraz bildirilib. Nazirlik rəsmiləri sözügedən qərarların ölkəmizin suverenliyini və Ermənistanla aparılan sülh danışıqlarını zəiflətməyə xidmət edən məsuliyyətsiz addımlar olduğunu vurğulayıblar.

Qəbul edilən sənədlərin tamamilə reallıqdan uzaq və qərəzli iddialar əsasında hazırlandığı diplomatların diqqətinə çatdırılıb. Eyni zamanda, bu cür təşəbbüslərin Avropa institutları daxilində kök salmış Azərbaycan əleyhinə olan sistemli qərəzin bir təzahürü olduğu qeyd edilib. Sonda bu tipli əsassız yanaşmaların regionda sabitliyin bərqərar olmasına maneə törətdiyi xüsusi rəylə ifadə olunub.