Dünyaca məşhur "Elden Ring" video oyununun "A24" studiyasının hazırladığı genişmiqyaslı ekran adaptasiyasının istehsal mərhələsinə start verilib. ''Civil War'' filmi ilə tanınan Aleks Qarlandın həm ssenari müəllifi, həm də rejissoru olduğu layihə studiyanın indiyə qədərki ən iddialı və böyük büdcəli işi hesab olunur.


Postxronika.az xəbər verir ki, ekran əsərinin aktyor heyətinə Tom Berk, Havana Rouz Liu, Sonoya Mizuno və Conatan Prays kimi tanınmış simalar daxil edilib. Kit Konnor, Ben Uişou və Keyli Speyninin də yer aldığı kadrların çəkilişləri Birləşmiş Krallıqda təxminən 100 gün ərzində davam edəcək. İstehsal xərcləri 100 milyon dolları ötən bu möhtəşəm kinonun 3 mart 2028-ci ildə geniş tamaşaçı kütləsinə təqdim olunacağı gözlənilir.


Corc R. R. Martin və Hidetaka Miyazakinin yaratdığı mifologiyaya əsaslanan hekayə "Aradakı Torpaqlar" adlı fantastik aləmdə cərəyan edir. Süjet xətti parçalanmış qədim artefaktı bərpa edərək xaosu dayandırmağa çalışan qəhrəmanın macəralarından bəhs edir. Qeyd edək ki, orijinal oyun 2022-ci ildə işıq üzü gördükdən sonra 30 milyondan çox nüsxə satılaraq rekord göstəricilərə imza atıb.