Virciniya Vulfun eyniadlı romanı əsasında ekranlaşdırılan ''Night and Day'' filmi "SXSW London 2026" festivalının açılışını edəcək. Rejissor Tina Qavarinin rəhbərliyi ilə ərsəyə gələn bu romantik komediyada baş rolları Heyli Bennet, Cek Uaytholl və Lili Allen canlandırırlar. İyunun 1-dən 6-dək davam edəcək tədbirdə sənət əsərinin dünya premyerası nümayiş olunacaq.
Postxronika.az xəbər verir ki, festivalın proqramına Riçard E. Qrant və Kler Foyun çəkildiyi ''Savage House'' adlı satirik layihə də daxil edilib. Həmçinin Entoni Burdenin qrafik romanı əsasında hazırlanan "Get Jiro" cizgi serialının eksklüziv kadrları ilk dəfə burada nümayiş etdiriləcək. Rəsmi müsabiqə bölməsində isə müasir kinematoqrafiyanın fərqli və cəsarətli nümunələri hesab olunan altı müxtəlif ekran əsəri qalibiyyət uğrunda yarışacaq.
Kino nümayişləri ilə yanaşı, sənaye peşəkarları üçün "Toy Story 5"in vizual effektləri və kitabların ekrana adaptasiyası kimi mövzularda panel müzakirələri keçiriləcək. Tədbir çərçivəsində tanınmış kastinq direktorları və yaradıcı liderlər öz təcrübələrini bölüşəcəklər. Təşkilatçıların qənaətinə görə, festival tamaşaçılara həm emosional, həm də intellektual baxımdan zəngin proqram təqdim edəcək.