Uzun illərdir ki, üçüncü ixtisas qrupu abituriyentlər arasında ən kütləvi və rəqabətin pik həddə olduğu sahə kimi tanınırdı. Lakin son meyillər bu mənzərənin dəyişdiyini, humanitar və sosial elmlərə marağın yeni bir süzgəcdən keçdiyini göstərir. Artıq abituriyentlər sadəcə "diplom xatirinə" deyil, gələcəyin əmək bazarındakı çevikliyə və rəqəmsal dünyanın tələblərinə uyğun seçim edirlər.

Mövzu ilə bağlı fəlsəfə doktoru,Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Postxronika.az-a açıqlamasında bildirib ki, üçüncü ixtisas qrupunda, burada əsasən humanitar və sosial elmlər daxildir, müşahidə olunan nisbi azalma təsadüfi deyil. Bunun həm lokal, həm də qlobal tendensiyalardan irəli gəlməsi düşünülür və bir neçə aspektdən məsələyə nəzər salmaq istəyirəm.Müasir əmək bazarında humanitar ixtisaslara tələbat azalmır, lakin bu ixtisasların forması dəyişir. Yəni ixtisasların transformasiyası artıq qaçılmazdır və bu fənn münasibətlərində inter, trans və multidissiplinar yanaşmalar çərçivəsində bazara sadəcə tarixçi və ya filoloq deyil, tutaq ki, rəqəmsal bacarıqları olan humanitar mütəxəssislər lazımdır.Abituriyentlər görürlər ki, birinci və ikinci qrupların ixtisaslarında olan — burada əsasən proqramlaşdırmadır, data analitikadır, mühəndislikdir, tutaq ki, süni intellektdir və sair, proqram təminatı mühəndisliyi kimi müasir ixtisaslarda məzun olan kimi daha yüksək maaş və çevik iş imkanları əldə edə bilirlər.Digər tərəfdən hökumətin iqtisadiyyatın diversifikasiyası siyasəti çərçivəsində birinci qrup üzrə plan yerlərinin artırılması, üçüncü qrupda isə limit saxlanılması tələb-təklif balansını süni şəkildə digər qrupların xeyrinə dəyişir. Çünki müvafiq ixtisaslar üzrə kvotalar, plan yerləri ayrılarkən ümumilikdə ölkənin strateji ehtiyacları, əmək bazarından tələbləri və sair nəzərə alınır. Bu mənada hesab edirəm ki, dövlət sifarişli yerlər müəyyənləşərkən, əlbəttə ki, aidiyyəti dövlət qurumları müvafiq araşdırmalar, elmi yanaşmalar ortaya qoyurlar və buna uyğun olaraq real yanaşma çərçivəsində müvafiq qərar qəbul olunur.Və üçüncü qrupda abituriyent sayının azalması imtahanın çətinliyindən deyil, daha çox rəqabətin sərtliyindən qaynaqlanır. Tutaq ki, buradakı prestijli ixtisaslar var, hansı ki, bunlara hüquqdur, beynəlxalq münasibətlərdir və sair, keçid balları kifayət qədər yüksək olur; bunlar 550-600-ün üzərində keçid mümkündür. Abituriyent eyni əziyyətlə, tutaq ki, birinci qrupda daha asan yerləşə biləcəyini hesablayaraq strateji olaraq öz planlamasını aparır.Digər tərəfdən bu qrupda əzbərçilikdən analitik düşüncəyə keçid, xüsusilə mətn təhlili və tarix suallarında abituriyentlərdən daha çox fundamental baza tələb edir ki, bu da asan yol axtaran kütləni uzaqlaşdırır. Eyni zamanda gənc nəsildə belə bir qənaət formalaşıb ki, süni intellekt ilk növbədə humanitar sahələri, tutaq ki, tərcümədir, hüquqi məsləhət-konsultasiyadır və sair sıradan çıxaracaq. Bu subyektiv qorxu abituriyentləri süni intellekti yaradan tərəfə, yəni birinci qrupa keçməyə sövq edir.Bu azalma əslində təhsilin rasionallaşmasıdır. Əvvəllər üçüncü qrup riyaziyyatı bilməyənlərin qrupu kimi, onların üz tutduğu istiqamət kimi və onların sığınacağı kimi qəbul olunurdusa, indi bura yalnız bu sahəni həqiqətən sevən və rəqabətə hazır olanlar üz tutur. Bu isə gələcəkdə humanitar sahədə kəmiyyətin azalması, lakin keyfiyyətin artması ilə nəticələnə bilər.

Nurgül Yusifova