Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Zərdab rayonunun bir neçə kəndində Kür çayının daşması və bəndin yarılması barədə yayılan məlumatlara aydınlıq gətirib. 

Postxronika.az Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinə istinadən xəbər verir ki, gursululuq dövrü ilə əlaqədar Mingəçevir su anbarından çayın aşağı axınına saniyədə 700 kubmetr suyun buraxılması və intensiv yağışlar nəticəsində bəzi qollarda səviyyənin artması müşahidə olunub.

Qeyd olunan ərazilərdəki subasma halları əsasən çayın mühafizə zonasında qanunsuz inşa edilmiş fərdi yaşayış evlərinin həyətyanı sahələrini əhatə edib. Agentliyin Regional Su Meliorasiya Xidməti tərəfindən suyun dənizə təhlükəsiz ötürülməsi üçün bütün qabaqlayıcı tədbirlər görülür. Hazırda bir sıra sahələrdə suyun səviyyəsində enmə qeydə alınır və vəziyyət qurumun rəhbərliyi tərəfindən tam nəzarətə götürülüb. Mütəmadi monitorinqlər vasitəsilə ərazidəki mövcud durum mütəşəkkil şəkildə idarə olunmaqdadır.