Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin rektor müavini, professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

Postxronika.az xəbər verir ki, türkiyəli qonaqlar işğaldan qurtarılmış torpaqlarda bir sıra tarixi abidələri ziyarət edərək erməni vandalizminin fəsadları ilə yaxından tanış olublar. Nümayəndə heyətinə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bölgədə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Səfər zamanı hərbi qulluqçular Vətən müharibəsi və digər uğurlu əməliyyatlarla bağlı xatirələrini qardaş ölkənin təmsilçiləri ilə bölüşüblər. "N" saylı hərbi hissədə yaradılan müasir şəraitlə tanış olan qonaqlara bölmələrin keçdiyi şərəfli döyüş yolu haqqında təqdimat edilib. Görüşün sonunda tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə fotoları çəkdirilib. Türkiyəli nümayəndələrin növbəti dayanacağı proqrama uyğun olaraq Əlahiddə Ümumqoşun Ordu olacaq. Bu səfər iki ölkə arasında hərbi-təhsil sahəsindəki sarsılmaz əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.