Albaniyanın paytaxtı Tiranada keçirilən qitə birinciliyində qadın güləşi üzrə Milli Komandamızın daha üç üzvü yarışa qoşulub.
Postxronika.az xəbər verir ki, Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (65 kq) rəqiblərinə qalib gələrək yarımfinala yüksəlsələr də, finalın bir addımlığında məğlub olaraq bürünc medal görüşünə çıxmaq hüququ qazanıblar. Digər təmsilçimiz Ruzanna Məmmədova (62 kq) isə 1/4 finalda uduzsa da, sabah üçüncü yer uğrunda həlledici qarşılaşmada qüvvəsini sınayacaq.
Xüsusilə B.Soltanova rusiyalı Alina Kasabiyeva ilə görüşdə 8:0 hesabı ilə öndə olsa da, son anda üstünlüyü əldən verərək minimal fərqlə məğlubiyyətlə barışmalı olub. İdmançılarımız sabah Macarıstan, Belarus, Almaniya və Türkiyə təmsilçilərinin yer aldığı rəqibləri ilə fəxri kürsünün sonuncu pilləsi üçün mübarizə aparacaqlar. Ümumilikdə qızlarımız turnirin dördüncü günündə əzmkar çıxışları ilə diqqət mərkəzinə düşüblər.