Suriya Daxili İşlər Nazirliyi Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra ölkədə ən çox axtarılan şəxslərdən biri olan keçmiş rejim rəsmisi Əmcəd Yusifin tutulduğunu elan edib. Qanlı mülki qırğınlara rəhbərlik etməkdə şübhəli bilinən sabiq hərbi kəşfiyyat zabiti Həma şəhərinin yaxınlığında keçirilən xüsusi əməliyyat nəticəsində təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib.

Postxronika.az xəbər verir ki, o, 2013-cü ildə Dəməşqin cənubunda yüzlərlə günahsız insanın, o cümlədən uşaqların amansızcasına öldürüldüyü "Tadamon" qətliamının ən əsas icraçılarından hesab olunur. Bu dəhşətli cinayətin görüntüləri vaxtilə qatillərin özləri tərəfindən lentə alınıb və sonradan Avropadakı tədqiqatçıların, eləcə də "The Guardian" nəşrinin araşdırmaları sayəsində dünya ictimaiyyətinə ifşa edilib. Qurbanlarının sayının mini keçdiyi iddia edilən kütləvi qətllərin iştirakçısı xaricə qaçması və zahiri görünüşünü dəyişməsi barədə gəzən şayiələrə rəğmən, elə Suriya ərazisində yaxalanıb. Hazırda yeni hökumətin nəzarətində olan və sol qaşındakı çapıqla asanlıqla tanınan cinayətkarın həbsi Tadamonda böyük sevinclə qarşılanıb.