Səhiyyə Nazirliyi “Böyük Qayıdış” proqramı çərçivəsində azad olunmuş bölgələrdə əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində fəaliyyətini sürətləndirir.
Postxronika.az xəbər verir ki, bu təşəbbüsün davamı olaraq Zəngilan rayonunun Ağalı kəndində genişmiqyaslı tibbi müayinə aksiyası təşkil edilib. Tədbir zamanı M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yüksəkixtisaslı mütəxəssisləri kənd sakinlərinə yerində peşəkar xidmət göstəriblər.
Vətəndaşlar terapevt, kardioloq, endokrinoloq və qastroenteroloq kimi müxtəlif profilli həkimlər tərəfindən ətraflı müayinə olunublar. Qəbul prosesində sakinlərin ümumi səhhəti qiymətləndirilərək onlara fərdi müalicə və profilaktika tövsiyələri təqdim edilib. Bu cür humanitar tədbirlər regionda məskunlaşan əhalinin keyfiyyətli səhiyyə resursları ilə təmin olunmasına xidmət edir.