Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Memarlar İttifaqının müştərək təşkilatçılığı ilə qida zənciri obyektlərinin müasir standartlara uyğun planlaşdırılmasına dair tədbir keçirilib. 

Postxronika.az xəbər verir ki, konfransda dövlət rəsmiləri, memarlar və sektor təmsilçiləri infrastruktur layihələrində qida təhlükəsizliyi prinsiplərinin tətbiqini müzakirə ediblər. Agentliyin sədri Qoşqar Təhməzli çıxışında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin bu sahədəki strateji əhəmiyyətini xüsusi vurğulayıb.

Tədbirdə urbanizasiya proseslərinin qlobal çağırışları fonunda sağlam şəhər mühitinin formalaşdırılması və beynəlxalq təcrübənin mənimsənilməsi diqqət mərkəzində olub. FAO rəsmisi Nasar Hayat və Memarlar İttifaqının sədri Elbay Qasımzadə ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işlərinin sosial rifaha töhfəsini yüksək qiymətləndiriblər. Plenar iclaslarda təhlükəsiz qida mühitinin yaradılmasında memarlıq həllərinin rolu və gələcək prioritetlər ətrafında fikir mübadiləsi aparılıb.