Paytaxtın Nərimanov rayonundakı ticarət mərkəzlərinin birində yerləşən mağazadan 100 min manat dəyərində qızıl-zinət əşyaları talanıb.
Postxronika.az xəbər verir ki, 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Rafael Quluzadə, Eşqin Səmədov, Yusif və Elməddin Çərkəzov qardaşları saxlanılıblar. Oğurlanmış qiymətli əşyaların bir qismi R.Quluzadənin Beyləqan rayonundakı evindən maddi sübut kimi götürülüb.
Araşdırmalar zamanı məlum olub ki, dəstənin digər üzvləri qızılların qalan hissəsinin satışını və nağdlaşdırılmasını təşkil ediblər. Hazırda faktla əlaqədar cinayət işi açılıb və əməliyyat-istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin törətdikləri qanunsuz əməllərin bütün təfərrüatları polis tərəfindən araşdırılır.