Paytaxtın bir neçə mühüm küçə və prospektində aparılacaq təmir işləri səbəbindən avtobusların hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.
Postxronika.az xəbər verir ki, aprelin 24-dən 27-dək Səməd Vurğun və Rəşid Behbudov küçələri, habelə Heydər Əliyev prospektində tətbiq edilən məhdudiyyətlərlə əlaqədar 4, 5, 20, 61, 88 və H1 nömrəli marşrutlar alternativ yollardan istifadə edəcək.
Xüsusilə Səməd Vurğun küçəsindən keçən nəqliyyat vasitələri Azadlıq prospektinə, Rəşid Behbudov istiqamətindəkilər isə Puşkin və Füzuli küçələrinə yönləndiriləcək. Heydər Əliyev prospektinin əsas yolunda hərəkət edən H1 ekspres xətti isə fəaliyyətini kənar yolla davam etdirəcək. Sözügedən prospektdəki qismən qapanmalar 1, 13, 38 və M8 nömrəli avtobusların intervallarında gecikmələrə yol aça bilər. Sürücü və sərnişinlərdən qeyd olunan tarixlərdə hərəkət qrafiklərini bu dəyişikliklərə uyğun planlaşdırmaları xahiş olunur.