Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Pxenyan ziyarəti zamanı Koreya xalqına və ölkə rəhbərliyinə göstərilən hərbi yardıma görə minnətdarlığını bildirib.
Postxronika.az xəbər verir ki, Volodin KXDR Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Ço Yonq Von ilə görüşündə bu dəstəyin "neo-nasist işğalçılara" qarşı mübarizədə mühüm rol oynadığını vurğulayıb. O, Rusiyanın həlak olan koreyalı hərbçilərin xatirəsini hər zaman uca tutacağını qeyd edərək, Pxenyanda ucaldılan yeni memorial kompleksi iki ölkə arasındakı silah qardaşlığının rəmzi adlandırıb. Spiker həmçinin Koreyanın azad edilməsində canından keçmiş sovet əsgərlərinin xatirəsinin qorunmasına görə də qarşı tərəfə təşəkkürünü çatdırıb. Səfər çərçivəsində tərəflər artan qlobal təhdidlər fonunda mehriban qonşuluq və etimada əsaslanan strateji əməkdaşlığın daha da gücləndiriləcəyini bəyan ediblər.