Rusiya Prezidenti Vladimir Putin Kurskun azad olunması uğrunda vuruşan KXDR əsgərlərinə minnətdarlığını çatdırıb. Postxronika.az xəbər verir ki, bu barədə dövlət başçısının Pxenyanda yeni açılan hərbi memorial kompleksin iştirakçılarına ünvanladığı müraciətdə deyilir. Putin koreyalı döyüşçülərin rusiyalı silahdaşları ilə çiyin-çiyinə müstəsna şücaət göstərdiklərini və bu fədakarlığın xalqlar arasında birliyin rəmzi olduğunu vurğulayıb. O, çətin məqamda Pxenyanın tərəddüd etmədən Rusiyaya kömək etdiyini qeyd edərək, həlak olan qəhrəmanların xatirəsini ehtiramla yad edib. Rusiya lideri həmçinin layihənin qısa müddətdə icrasına görə Kim Çen Ina dərin minnətdarlığını bildirib. Mesajda iki ölkə arasında strateji tərəfdaşlığın gələcəkdə daha da möhkəmləndiriləcəyi ifadə olunub.