''Oscar'' mükafatlı rejissor Kristofer Nolan gözlənilməz kinematoqrafik zövqü ilə tamaşaçıları təəccübləndirib. Dərin və mürəkkəb ekran əsərləri ilə tanınan sənətkar məşhur “Fast & Furious”  seriyasının böyük pərəstişkarı olduğunu açıqlayıb.


Postxronika.az xəbər verir ki, televiziya aparıcısı Stiven Kolbertlə müsahibəsində Nolan bu macəra layihəsini daim izlədiyini və çox sevdiyini bildirib. O, franşiza ilə yeni tanış olanlara ilk olaraq seriyanın ''Tokyo Drift'' buraxılışına baxmağı tövsiyə edib. Sənətkarın bu səmimi etirafından sonra baş rol ifaçısı Vin Dizel də sosial şəbəkə hesabında ona qarşılıqlı ehtiramını ifadə edib. Aktyor xüsusilə “Oppenheimer” filmində tarixi faktlara fərqli dramatik yanaşmaya heyran qaldığını vurğulayıb.


Məşhur rejissorun bəyəndiyi ekran işləri yalnız bu seriya ilə yekunlaşmır. O, müxtəlif vaxtlarda “Talladega Nights: The Ballad of Ricky Bobby” komediyasını və 1994-cü ildə çəkilmiş “Speed” trillerini də favoritləri sırasında xatırladıb. Rejissor hətta bu yaxınlarda nümayiş olunan “Qladiator 2”ni cari ilin ən yaxşı filmi adlandırıb. Ümumiyyətlə, Stenli Kubrik və Kventin Tarantino kimi digər əfsanəvi kino xadimlərinin də öz fəlsəfələrinə zidd görünən kommersiya layihələrinə rəğbət bəslədiyi məlumdur. Nolanın bu seçimi bir daha sübut edir ki, əsl sənətkarlar hər bir janrın özünəməxsus maraq payını qiymətləndirməyi bacarırlar.