Azərbaycanın və ümumilikdə Cənubi Qafqazın bolşevikləşdirilməsi prosesinin ilk böyük aktlarından biri məhz Bakı əməliyyatı oldu. Sovet hərbi-tarixi ədəbiyyatı bu hadisəni Mixail Qriqoryeviç Yefremovun (hadisələr zamanı cəmi 23 yaşı vardı) komandanlığı altında dörd zirehli qatarın “inqilabi Bakıya” doğru misilsiz sürətli yürüşü kimi təqdim edir (Bax: Kadışev A.B. Zaqafqaziyada müdaxilə və Vətəndaş müharibəsi. Moskva, 1960. S. 254–258).

1920-ci il aprelin 27-də səhər saatlarında “III İnternasional”, “Qırmızı Dağıstan”, “Timofey Ulyantsev” və “Qırmızı Həştərxan” zirehli qatarları sərhədi keçdi. Həmin günün axşamına artıq onlar təxminən 200 kilometrlik məsafəni qət edərək Bakıya çatmışdılar. Rusiya tarixçisi Vsevolod Veselovun da qeyd etdiyi kimi, bu cür sürət təkcə döyüş şəraitində deyil, hətta dərin arxa cəbhədə belə nadir hallarda müşahidə olunurdu. Əməliyyatın planı isə açıq şəkildə avantürist xarakter daşısa da, onun uğurla icrası bir çox suallar doğurur.

Qızıl Ordu ilə AXC qoşunlarının təmas xəttində hökm sürən vəziyyəti M.Q. Yefremovun xatirələrindən daha aydın görmək olur. Samur çayı üzərindəki körpünün ortasında demarkasiya xəttini simvolizə edən sadə bir tel çəkilmişdi. Hər iki tərəfdən iki nəfərlik qarovul postları yerləşdirilmişdi. Formal olaraq sərt nəzarət rejimi tətbiq olunsa da, əslində bu xəttdə qəribə bir “sərhəd bazarı” yaranmışdı. Burada “çar pulları” ilə konyak, araq, siqaret və digər mallar sərbəst şəkildə alınıb-satılırdı (Rusiya Dövlət Hərbi Arxivi, F. 195. İş. 3).

Aprelin 20-lərinə doğru XI Ordu hücum mövqelərini tutdu. Polşa cəbhəsindəki ağır vəziyyət səbəbindən mərkəzi komandanlıq əlavə qüvvə ayıra bilmirdi. Buna baxmayaraq, bütün Cənubi Qafqazı “bolşevikləşdirməli” olan XI Ordu üç diviziya və 2-ci süvari korpusu ilə birlikdə 30 mindən bir qədər artıq canlı qüvvəyə malik idi (Rusiya Dövlət Hərbi Arxivi, F. 195. İş. 3).

Bu qüvvələrlə yanaşı, Bakı istiqamətində hücuma Zülfüqar Axundovun komandanlığı altında müsəlman könüllülərdən ibarət Şəriət alayı da cəlb olunmuşdu (Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi; F. 85. Op. 8. D. 66. L. 1–3).

Azərbaycan tərəfi bu cəmləşməni görməyə bilməzdi. Lakin sovet komandanlığı paralel olaraq dezinformasiya siyasəti yürüdürdü. Belə ki, Azərbaycan XİN nümayəndəsi Şahsuvarov Petrovska gəldikdə, Orconikidze Levandovskiyə məsləhət görmüşdü ki, ona hücum planının olmadığı bildirilsin və qoşunların yalnız ingilislərin mümkün müdaxiləsinə qarşı toplandığı deyilsin.

Aprelin 23-də verilən yeni direktiv isə vəziyyəti kökündən dəyişdi. XI Ordunun qarşısına artıq təkcə Bakı quberniyasını deyil, bütün Azərbaycan ərazisini ələ keçirmək vəzifəsi qoyuldu (Rusiya Dövlət Hərbi Arxivi; F. 195. Op. 3. Ed. xr. 190. L. 6).

Əməliyyata cəmi dörd gün vaxt ayrılmışdı. Plan son dərəcə iddialı idi: mayın 1-nə qədər bütün əsas qüvvələr Bakı quberniyası ərazisində cəmləşməli idi (Rusiya Dövlət Hərbi Arxivi; F. 195. Op. 3. Ed. xr. 190. L. 14).

Aprelin 26-da səhər saat 6:30-da hücum əmri qoşunlara çatdırıldı. Süvari korpusu Quba–Şamaxı istiqamətindən irəliləməli, Kürdəmir rayonunda Bakı–Gəncə dəmir yolunu kəsməli idi. Digər hissələr isə Bakıdan cənubda Kür üzərindəki keçidləri ələ keçirməli idi. Şteygerin 32-ci diviziyası Biləcəriyə qədər irəliləməli, lakin şəhərə daxil olmamalı idi. Bakıya daxil olmaq isə 28-ci diviziyaya tapşırılmışdı.

Əməliyyatın əsas yükü zirehli qatarların üzərinə düşürdü. Yefremovun qarşısında konkret vəzifə qoyulmuşdu: “ən qısa müddətdə Bakı rayonuna soxulmaq və Azərbaycan hökumətinin müqavimət imkanlarını iflic etmək”.

Eyni zamanda qoşunlara xüsusi xəbərdarlıq edilirdi: Bakıya yaxınlaşma ilə azərbaycanlılar və ermənilər arasında milli qarşıdurma təhlükəsi yarana bilərdi və Qızıl Ordu bunun qarşısını “ən amansız üsullarla” almalı idi.

Əməliyyat ərəfəsində - aprelin 25-də  sərhəddə baş verən bir hadisə bu prosesin gizli tərəflərinə işıq salır.

Azərbaycan” zirehli qatarından olan azərbaycanlı əsgərlərdən (döyüşçülərdən) biri sovet tərəfinə keçdi. Azərbaycan zirehli qatarının komandiri onun geri verilməsini tələb etdi və imtina ediləcəyi təqdirdə atəş açacağı ilə hədələdi. Sovet tərəfi əsgəri təhvil vermədi, əvəzində isə hissələrə zirehli qatarın və Yalama sərhəd stansiyasının ələ keçirilməsinə hazırlaşmaq əmri verildi.

Rusiya Dövlət Hərbi Arxivində qorunan sənədlər arasında poruçik Qazıxanın raportu xüsusi diqqət çəkir. O yazır ki, aprelin 27-də Xaçmazdan Belici stansiyasına yola düşərkən onlar birbaşa öz komandanlıqlarından deyil, Xəlil paşadan göstəriş gözləyirdilər.

Bu məqam son dərəcə diqqətəlayiqdir. Çünki Xəlil paşa rəsmi olaraq AXC strukturlarında vəzifə tutmurdu. Lakin o, həm Azərbaycan cəmiyyətində böyük nüfuza malik idi, həm də bolşeviklərlə müəyyən əlaqələr qurmuşdu.

Türk mənbələrindən məlum olur ki, Xəlil paşa XI Ordu komandanlığı ilə birbaşa əlaqəyə girərək, hətta müəyyən mənada onların irəliləyişinə təsir göstərməyə çalışırdı. Onun təşəbbüsü ilə bəzi Azərbaycan hissələrinə müqavimət göstərməmək barədə göstəriş verildiyi ehtimal olunur.

Bakı əməliyyatının bu epizodu sovet tarixi ədəbiyyatında diqqətdən kənarda qalıb. Bunun əvəzinə, həmin hadisə haqqında türk generallarının – Xəlil paşanın özünün və kemalist ordusunun şərq cəbhəsinin komandanı Musa Kazım Qarabəkir paşanın memuarlarından məlumat almaq olar. Xəlil paşa, Qızıl Ordunun hücumuna rəhbərlik etmək üçün ordu komandanı XI Levandovskinin yanına gəlmişdi, çünki o, RK(b)P MK-nın Qafqaz Bürosundan bunun üçün səlahiyyəti olduğunu düşünürdü.

Qızıl Ordunu qarşılamaq üçün Xəlil paşa Bakıdan bir neçə vaqondan ibarət qatarda, kiçik bir türk dəstəsinin, keçmiş çar ordusunun polkovniki Skaçkovun və poruçik Qazıxanın raportundan aydın olduğu kimi, AXC Müdafiə Nazirliyinin intendantlıq idarəsinin nümayəndələrinin müşayiəti ilə yola düşmüşdü.

Polkovnik Skaçkovun AXC ordusu ilə əlaqəsi yox idi. O, Azərbaycanın kemalist dairələri ilə bolşevik təşkilatları arasında əlaqələndirici rolunu oynayırdı. Həmçinin, o, AXC-in dövlət sahil radiostansiyası vasitəsilə “qırmızı” Həştərxanla gecə vaxtı həyata keçirilən qeyri-leqal rabitə seanslarına nəzarət edirdi .

Xəlil paşanın XI Ordu komandanlığı ilə görüşünün harada baş verdiyini dəqiq müəyyən etmək mümkün deyil. Çünki mənbələr bir-birinə ziddir. Qazıxanın raportuna əsasən, sərnişin qatarı və Azərbaycan zirehli qatarı Xəlil paşanın Samur çayının Dağıstan tərəfindəki Belici stansiyasında apardığı danışıqların nəticələrini gözləyirdilər (Rusiya Dövlət Hərbi Arxivi; F. 195. Op. 3. Ed. Xr. 260. L. 2.). Xəlil paşa öz xatirələrində bolşevik zirehli qatarları ilə qarşılaşdığı stansiyanın adını birbaşa qeyd etmir. O, bu hadisəni belə təsvir edir: “...irəlidən partlayış səsləri eşidildi. Bunun səbəbini öyrənmək üçün kiçik bir stansiyada dayandıqdan az sonra, stansiyaya bir zirehli qatar (qeyd: bolşevik qatarı) daxil oldu və hədəf seçmədən sağa-sola atəş açmağa başladı” (Halil Paşa. Bitmeyen savaş... S. 325-326.) Sovet zirehli qatarının çoxdan tutulmuş Belici stansiyasına döyüşlə daxil olduğunu güman etmək çətindir.

“Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin Xəbərləri” qəzetinin 29 aprel 1920-ci il tarixli qısa məlumatında  qeyd olunur ki, Samur körpüsündən 50 km aralıda yerləşən Xaçmaz stansiyasında Azərbaycan zirehli qatarının yanacağı tükənməyə başlayıb. O, sovet zirehli qatarlarını qarşılamaq üçün hansısa bir “nümayəndə heyəti” göndərib, özü isə bu nümayəndə heyətindən parovozu alaraq Bakı tərəfə gedib (Petrovsk xətti üzrə irəliləyiş // Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin Xəbərləri. 1920. 29 apr. № 1. S. 2). M.Q. Yefremov Xəlil paşanın nümayəndə heyəti haqqında heç nə yazmır. O, yalnız Xudat rayonunda, yəni artıq Yalama stansiyasındakı sərhəd döyüşündən sonra az qala toqquşacaqları sərnişin qatarını xatırladır. Onun, onun xatirələrinə görə qatar onlardan “arxaya doğru” qaçırdı...

M.Q. Yefremovun Bakı əməliyyatı haqqında xatirələri barədə ayrıca danışmaq lazımdır. Onlar dəfələrlə nəşr olunub. İlk dəfə - 1922-ci ildə nəşr olunub. Onların qiymətli tarixi mənbə kimi əhəmiyyətini şübhə altına almadan, o zamankı gənc qırmızı komandirin (təsvir olunan hadisələr zamanı onun 23 yaşı var idi) mübaliğəyə və “şişirtməyə” meylini qeyd etmək lazımdır. Bu meyl, onun xatirələrini arxiv sənədləri ilə müqayisə etdikdə nəzərə çarpır. Məsələn, Yefremova görə, ona qarşı 4 (!) Azərbaycan zirehli qatarı durmuşdu.  Halbuki Azərbaycanın cəmi üç zirehli qatarı var idi ki, onlardan ikisi 1920-ci ilin aprel ayının sonunda Bakı- Ağstafa xəttində, yəni Qızıl Ordu ilə ADR ordusunun təmas xəttindən 300 kilometrdən çox uzaqlıqda yerləşirdi (Rusiya Dövlət Hərbi Arxivi; F. 195. Op. 3. Ed. Xr. 206. L. 15).

Eyni vəziyyət zirehli qatarlar dəstəsinin sərhəd çayı olan Samuru keçməsi təsvirində də müşahidə olunur. Yefremov hər iki tərəfdən xeyli sayda döyüşçünün iştirakı ilə baş vermiş qanlı toqquşmanı təsvir edir.  Lakin körpünün yanında AXC ordusunun əsgərləri yox idi. Orada cəmi 20 jandarmdan ibarət post var idi. Halbuki artıq qeyd olunan “Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin Xəbərləri”ndəki qeyddə, reydin sıravi iştirakçılarının sözlərinə görə, sərhəd toqquşmasında cəmi üç nəfərin həlak olduğu bildirilir. Həmin şəxslər Azərbaycan ordusunun atəşi nəticəsində deyil, öz mərmilərinin vaxtından əvvəl partlaması səbəbindən həlak olmuşdular (Petrovsk xətti üzrə irəliləyiş // Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin Xəbərləri. 1920. 29 apr. № 1. S. 2.). Həlak olanlardan biri, zirehli qatarlar dəstəsinə təhkim olunmuş iki piyada rotasına rəhbərlik edən 299-cu alayın tabor komandiri Nemıkin idi (Kommunist. 1920. 4 may. № 2. S. 4.).Sonradan, zirehli qatarlar dəstəsinin hərbi komissarı Dudinin məlumatına görə, həmin döyüşdə qurbanların sayı 6-ya, yaralıların sayı isə 2-yə yüksəldi (Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi). F. 85. Op. 8. D. 115.).

Sovet zirehli qatarında Xəlil paşanı, onun xatirələrinə görə, bir komissar- “balaca, dilli-dilavər bir erməni” (görünür, Anastas Mikoyan nəzərdə tutulur) qarşılamışdı. Türk generalı ondan atəşi dayandırmağı tələb etmiş və həmin şəxslə türk generalı arasında gərgin münasibətlər yaranmışdı.

Levandovski ilə Xəlil paşanın nə vaxt və harada görüşdüyü də aydın deyil. Dəqiq məlumdur ki, ordu komandanı Orconikidze tərəfindən əvvəlcədən xəbərdar edilmişdi: RK(b)P-nin Qafqaz Diyar Komitəsi Xəlil paşanın Dağıstanda müsəlman hissələri formalaşdırmaq təklifini ciddi şəkildə nəzərdən keçirir. Bu hissələr Xəlil paşanın rəhbərliyi altında Qızıl Ordunun önündə getməli idi.

Bakıdan Petrovska (Mahaçqalaya) gəlmiş bolşevik Kvantaliani,, aprelin 19-u bazar ertəsi günü Orconikidzeyə teleqram vurmuşdu: “Türklər mövcud Azərbaycan hökumətini devirmək üçün bizə Xəlil paşadan istifadə etməyi təklif edirlər. Bu məqsədlə Xəlil paşanı Dağıstana göndərmək, oradan isə onu dağıstanlılardan ibarət könüllü dəstə ilə - erməni-tatar qırğınının qarşısını almaq üçün Zəngəzura gedirmiş kimi — Bakıya göndərmək təklif olunur”.  Bakı bolşeviklərinin fikrincə, belə bir ssenari Bakı neft mədənlərinin müsavatçılar tərəfindən mümkün məhvini önləyə bilərdi: onlar Xəlil paşanın Azərbaycan cəmiyyətindəki nüfuzunu yüksək qiymətləndirirdilər.

Qazıxanın raportuna görə, Belici stansiyasında hər iki qatara sovet zirehli qatarlarına mane olmamaq barədə əmr gəldi. Lakin Azərbaycan zirehli qatarının komandiri Lordkipanidze bu göstərişi qəbul etmədi. O, bu əmri açıq şəkildə xəyanət kimi qiymətləndirdi və müqavimət göstərmək qərarına gəldi.

Beləliklə, Bakı–Yalama xəttində bolşeviklərə real müqavimət göstərən yeganə ciddi qüvvə məhz Lordkipanidzenin zirehli qatarı oldu.

Sovet zirehli qatarları dəstəsinin komandanı M.Q. Yefremovun xatirələrinə görə,  “əməliyyat başlamazdan bir gün əvvəl, görünür, sovet tərəfinə keçmiş Azərbaycan əsgərinə görə onun Lordkipanidze ilə görüşü baş tutub. Söhbətin sonunda orada iştirak edən A. Mikoyan zarafatla Lordkipanidzeyə Qızıl Orduya xidmətə keçməyi təklif edib. Yefremov qeyd edir ki, “Kipanidzenin yoldaş Mikoyana necə bir təkəbbür və qəzəblə cavab verdiyini təsvir etmək mümkün deyil. Kipanidze və onu müşayiət edən zabitlər Qızıl Ordu və Sovet hakimiyyətinin ünvanına ağlasığmaz təhqirləri yağdırırdılar. Bu insidenti ‘sülh yolu ilə’ həll etmək üçün təxminən iyirmi dəqiqə vaxt lazım gəldi” .

Lordkipanidzenin komandanlığı altındakı Azərbaycan zirehli qatarı, Bakı – Yalama dəmir yolu xətti boyu bolşeviklərə inadkar müqavimət göstərən yeganə Azərbaycan bölməsi idi. O, ilk döyüşünü Yalama stansiyasından cənubda yerləşən Ləcət keçidində verdi (Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi; F. 85. Op. 8. D. 66. L. 1–3). Artilleriya duellindən sonra geri çəkilməyə başladı. Daha sonra zirehli qatar Xəlil paşanın nümayəndə heyətinə tabe olmadı və dəmir yolu körpülərini yandırmağa cəhd etdi. AXC ordusunun bütün digər hissələri bolşeviklərə qarşı praktiki olaraq heç bir müqavimət göstərməmişdi (Petrovsk xətti üzrə irəliləyiş” // Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin Xəbərləri. 1920. 29 aprel. № 1. Səh. 2).

AXC ordusunun şimal istiqamətindəki əsas qüvvələri, görünür, öz postunu qoruyub saxlamış qərargah rəisi Qaytabaşının rəhbərliyi ilə tərtib edilmiş Azərbaycan silahlı qüvvələrinin yerləşmə sxeminə əsasən, Bakıdakı çevrilişdən qısa müddət sonra Xudat-Xaçmaz rayonunda idilər. Sərhəd çayı olan Samur üzərindəki körpünün bilavasitə yanında 20 jandarmdan ibarət zəif bir zastava dayanırdı. Bir neçə kilometr cənubda, Yalama stansiyasında sərhədə “keçidlərlə” nəzarət etmək üçün ümumi sayı 150 nəfərə qədər olan süvari dəstəsi yerləşirdi (Yefremov qaranlıqda onları ingilislər hesab etmişdi). Xudat-Xaçmaz rayonunda polkovnik Tumanovun (Tumanişvili) komandanlığı altında 800 əsgər və 200 türk könüllüsündən ibarət dəstə var idi.

Yalama stansiyasında 150 nəfər süvari dəstəsinin olması Yalama döyüşü 350 nəfər Azərbaycan əsgərinin ölməsi ilə bağlı iddiaların əsasının olmadığını göstərir. Əlavə olaraq  1920-ci ilin aprelin 27-də Yalama toqquşması zamanı Qızıl Orduya müqavimət göstərdikləri üçün 80 Azərbaycan əsgəri əsir götürülmüş və Dərbəndə aparılmışdı. Sonradan əsgərlərin azad edilib Bakıya göndərilməsi ilə bağlı Quba qəzası Dəvəçi sahəsinin Əmirxanlı və Ağsaqqallı kəndlərinin müvəkilləri Məstan İskəndər oğlu, Kərim, Zəkəriyyə və Əlabbas tərəfindən Azərbaycan Sovet Respublikasının hərbi-dəniz komissarı Çingiz İldırıma 12 may 1920-ci ildə ərizə göndərilmişdi. Bu müraciətdən sonra Çingiz İldırım Dərbənd şəhərinin komissarı Kovolyova 

Qızıl Orduya müqavimət göstərdikləri üçün əsir alınan 591 Azərbaycan əsgərinin hamısının azad edilərək Bakıya- Azərbaycan Sovet Respublikasının ordu qərargahının sərəncamına göndərilməsi ilə bağlı müraciət etmişdi (Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivi).

Azərbaycan qoşunlarının Samur rayonundakı sayı barədə bu məlumatlar XI ordunun 21 aprel 1920-ci il tarixli kəşfiyyat məlumatı ilə də təsdiqlənir.  Bundan əlavə, AXC-nin Qubada 200 əsgəri var idi (Rusiya Dövlət Hərbi Arxivi;F. 195. Op. 3. Ed. Xr. 944.).

Komandir Levandovski bu hissələrin döyüş keyfiyyəti haqqında çox mənfi fikirdə idi. Orconikidzeyə göndərdiyi teleqramda o, şimal istiqamətindəki AXC qoşunları haqqında belə yazırdı: “Onlarda heç nə yoxdur. Nə varsa, hamısı dağılışıb qaçacaq”.

Beləliklə, zirehli qatarlarla birlikdə bu qüvvələr, sovet zirehli qatarlarından qabağa düşmüş piyada və süvari hissələrinin irəliləməsini ləngitmək üçün kifayət edə bilərdi. Bir şərtlə ki, əgər əsgərlər və türk könüllüləri tam şəkildə müqavimət göstərəydilər.

Qubada dayanan əsgərlər müqavimət göstərmədilər. Onların taleyi haqqında biz atlı korpusun operativ məlumatlarından öyrənirik. 27 aprel saat 16:00-da Quba döyüşsüz tutuldu. 4-cü Quba alayının iki bölüyü şəhərdən bir neçə kilometr aralıda, Çartəpə kəndində əsir düşdü. Şəhərin özündə isə 60 əsgər və 6 zabit əsir alındı.

Birinci bolşevik zirehli qatarı Samuru hadisəsiz keçdikdən sonra, jandarmalar qəfil yaxalandılar və müqavimət göstərmədən tərksilah edildilər. Yalnız biri ata minib qaçmağı bacardı. Daha sonra, saat birdə, Yalama stansiyasına yarım verst qalmış, zirehli qatar Quba alayının iki bölüyü (iki top ilə) və bir süvari eskadronu ilə toqquşdu ki, onlar irəliləyişi bir saat müddətinə gecikdirdilər. Bu döyüşdə dəstə həmin gün üçün özünün yeganə itkilərini verdi (Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi F. 85. Op. 8. D. 66. L. 1–3.).  

Lordkipanidzenin zirehli qatarı ilk döyüşü artıq Yalama stansiyasından cənubda, Ləcət keçidində verdi. Daha sonra o, dəfələrlə bolşevikləri saxlamağa və yolları sökməyə çalışaraq Bakıya doğru geri çəkildi.   

XI Ordunun kəşfiyyat idarəsinin məlumatlarına görə, Xəlil paşanın göstərişindən və Xaçmaz stansiyasından getdikdən sonra Azərbaycan zirehli qatarının komandanlığında parçalanma baş verdi, çünki əsgərlərin bir hissəsi Dəvəçi stansiyasında (yəni Bakıdan 100 km aralıda) təslim oldu. Lordkipanidzenin zirehli qatarı özü isə Bakıya getdi və mümkün qədər bolşevikləri saxlamaq əmrini alaraq, son döyüşünü qovşaq stansiyası olan Biləcəri yaxınlığında – Xırdalan stansiyasında axşam saat 9-da verdi və növbəti dəfə yolları sökməyə cəhd etdi.    

Bakıya gedən Azərbaycan zirehli qatarının taleyi haqqında Qazıxan məlumat ala bilməzdi. Həmin gün poruçik (leytenant) öz rəisi Prozorovla birlikdə Xaçmaz stansiyasında tərksilah edilmişdi; onların sərnişin qatarı oraya sovet zirehli qatarları ilə eyni vaxtda çatmışdı. Qazıxan öz raportunda yazır:  

 «...Qızıl ordu mənsublarının həm bizimlə, həm də sərnişinlərlə davranışı və rəftarı son dərəcə nəzakətli və diqqətli idi”. Qazıxan və Prozorovu tərksilah edən «Krasnaya Astraxan» zirehli qatarının komandiri Boqdanov, əgər «”azərbaycanlılar müqavimət göstərməsələr», müsadirə olunmuş əşyaları Bakıda geri qaytaracağına söz vermişdi.

Qazıxanın bəxtindən müqavimət göstərilmədi. Bolşevik zirehli qatarlarının komandanlığı AXC ordusu tərəfindən mövqelərin əvvəlcədən hazırlandığı Biləcəri stansiyasında döyüş gözləyirdi. Reyd iştirakçılarından biri olan Musabəyovun xatirələrinə görə, Sumqayıtdan sonra başda gedən «III İnternasional» qatarı ehtimal olunan mövqeləri daim atəşə tutaraq və pusqudan hücum gözləyərək yavaş-yavaş irəliləyirdi. Lakin səngərlərdə heç kim yox idi (Musabəyov Q. Seçilmiş məqalə və nitqləri. Cild I. Bakı, 1960. Səh. 36).    

Yalnız Lordkipanidzenin zirehli qatarı müqavimət göstərməyə cəhd etdi. “Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin Xəbərləri”nin məlumatına görə, qatarlar Biləcəri stansiyasına səhər saat dördün yarısında daxil olublar.  Həmin vaxt AXC parlamenti artıq hakimiyyətin bolşeviklərə təhvil verilməsinə səs vermişdi, Bakıdakı bütün hissələr isə ya kommunistlərin tərəfinə keçmiş, ya da blokadaya alınmışdı.  

Ertəsi gün, aprelin 28-də Xaçmaza XI ordunun komandanı Levandovskinin qatarı gəldi. Qazıxan və Prozorov həmin qatarla artıq Sovet Azərbaycanının paytaxtına yola düşdülər (Rusiya Dövlət Hərbi Arxivi; F. 195. Op. 3. Ed. Xr. 260. L. 2).  

Görünür, poruçik Qazıxana silahı qaytarılıb. Rusiya Dövlət Hərbi Arxivində (RGVA) saxlanılan yazışmalara əsasən, həm onun birbaşa rəisi, həm də şəxsən hərbi dənizçi İldırım onun müdafiəsinə qalxıblar. Məsələ ordu komandanı Levandovski və XI ordunun İnqilab Hərbi Şurasına qədər çatmış, onlar zirehli qatarlar dəstəsinin rəisi Yefremovdan hər şeyi qaytarmağı tələb etmişdilər.  

 XI ordunun dəmir yolları döyüş sahəsinin rəisi  M. Q. Efremov “Bakı şəhərinin tutulması haqqında döyüş əmrinin parlaq şəkildə yerinə yetirilməsinə görə” İnqilab Hərbi Şurasının 24 may tarixli 212 nömrəli əmri ilə fəxri silahla (üzərində adı yazılmış qılıncla), həmçinin “Qırmızı Bayraq” ordeni ilə təltif edildi (Rusiya Dövlət Hərbi Arxivi; F. 195. Op. 3. Ed. Xr. 940.   

Xəlil paşa sovet hissələrini müşayiət edir və azərbaycanlı əsgərləri bolşeviklərə qarşı mübarizə aparmamağa çağıraraq təşviqat aparırdı:  

“Qızıl Ordu heç bir müqavimətlə qarşılaşmadan Samur, Xaçmaz, Çarxı stansiyalarından keçib və hərəkətini davam etdirir. Hər şey qan tökülmədən başa çatdı. Lakin digər yerlərdə müqavimət göstərilməsi qan tökülməsinə səbəb ola bilər. Azərbaycanda əsasən müstəqil xalq respublikasının hakimiyyəti qorunub saxlanacaq. Narahatlıq və təşviş üçün heç bir səbəb yoxdur, hamı sakitliyini qorumalı və yerində oturmalıdır. Antanta — müsəlmanlığın düşmənidir — o istəyir ki, bizimlə sovet Qırmızı Ordusu arasında qan tökülsün. İstanbul və İzmirdəki qanlı hadisələr ingilislərin müsəlmanlara nə dərəcədə düşmən olduğunu göstərdi” (Qafarov V. Rusiya-Türkiyə yaxınlaşması və Azərbaycanın müstəqilliyi (1919–1920-ci illər) // Qafqaz & Qloballaşma. T. 4. Buraxılış 1–2. S. 245–246.)  

Bakıdakı çevrilişdən sonra bir müddət orada qalan və artıq orada edəcək bir işinin qalmadığını anlayan Xəlil paşa Moskvaya yola düşdü (Halil Paşa. Bitmeyen savaş. İstanbul, 1997. S. 327).  

Yalama sərhəd stansiyasının atəşə tutulması zamanı mərminin vaxtından əvvəl partlaması nəticəsində həlak olan üç qızılıorduçu, 30 apreldə Bakıda “proletar inqilabının qurbanları” kimi ehtiramla dəfn edildilər. Zirehli qatarlar dəstəsinə təhkim olunmuş desant bölüklərinin komandiri ölümündən sonra “Qırmızı Bayraq” ordeni ilə təltif edildi (Rusiya Dövlət Hərbi Arxivi). Azərbaycan zirehli qatarının komandiri Lordkipanidzenin taleyinin necə olduğunu müəyyənləşdirmək mümkün olmadı.

Əli Novruzov (tarixçi)