2024-cü ilin avqustunda Vyanada amerikalı müğənni Teylor Sviftin çıxışına terror hücumu planlaşdıran 21 yaşlı Beran A. məhkəmədə günahını boynuna alıb. İŞİD-ə sədaqət andı içən təqsirləndirilən şəxs qanunsuz qruplaşmaya üzvlük də daxil olmaqla, bir neçə ağır maddə üzrə ittiham olunur və onu 20 ilə qədər həbs cəzası gözləyir.

Postxronika.az xəbər verir ki, Avstriya hüquq-mühafizə orqanlarının vaxtında müdaxiləsi nəticəsində on minlərlə insanın iştirakı gözlənilən həmin kütləvi tədbirlər ləğv edilmişdi. Beran A. ilə birlikdə mühakimə olunan Arda K. isə digər cinayət yoldaşları ilə əlbir olaraq xarici ölkələrdə də analoji aktlar törətməyə cəhd edib. Silah və partlayıcı maddələr əldə etməyə çalışan radikal qruplaşma üzvlərinin zərərsizləşdirilməsi çox sayda insanın həyatını xilas edib. Qeyd edək ki, sözügedən planlaşdırılmış sui-qəsd 2017-ci ildə Mançesterdə 22 nəfərin ölümü ilə nəticələnən oxşar terror hadisəsi ilə müqayisə edilir.