1920-ci il aprelin 28-i Azərbaycan tarixində təkcə siyasi hakimiyyətin dəyişdiyi gün deyil. Bu tarix həm də idarəetmənin, təhlükəsizlik anlayışının və dövlət aparatının necə transformasiya olunduğunu göstərən kritik bir keçid mərhələsidir. Formal olaraq hakimiyyət parlamentdən İnqilab Komitəsinə (Revkom) verildi. Lakin real vəziyyət kağız üzərində yazılandan daha mürəkkəb idi.

1920-ci il aprelin 28-nə keçən gecə parlamentin boşaldılmış binasına Mirzə Davud Hüseynov, Əliheydər Qarayev, Həmid Sultanov, Qəzənfər Musabəyov və Abid Alimovdan (o, həmçinin öz könüllüləri ilə birlikdə vağzalı blokadaya alan “türk zabiti” kimi tanınırdı) ibarət Azərbaycan Müvəqqəti İnqlab Komitəsi (Revkom) daxil oldu (Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin Xəbərləri. 1920. 29 apr. № 1. S. 1.)

Revkomun rəsmi sədri Nəriman Nərimanov nə çevriliş zamanı, nə də ondan sonrakı ilk həftələrdə Bakıda deyildi. Orconikidzenin Nərimanova tələsməyi xahiş etməsi ilə bağlı dəfələrlə göndərdiyi teleqramlara baxmayaraq Nərimanov Azərbaycana yalnız 16 may tarixində gəldi (Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi; F. 85. Op. 13. D. 2. L. 2-4)

Nərimanovun yoxluğunda, çevrilişdən sonrakı ilk həftə ərzində yeni hakimiyyətin bütün əsas sərəncamlarının altında “Azərbaycan Revkomunun sədri M. Hüseynov” imzası durur. Xüsusilə, Mirzə Davud Hüseynov Revkom sədri qismində Bakı qarnizonu üzrə 1 nömrəli əmri imzalamışdı. Bu əmrlə keçmiş Azərbaycan ordusunun bütün rütbəliləri Qızıl Orduya daxil edilir və onlardan paqonlarını çıxarmaq tələb olunurdu. Torpaq haqqında 5 mayda dərc olunmuş Dekret də onun tərəfindən imzalanmışdı.

Sübh tezdən, saat 4–6 radələrində Bakı vağzalına Qızıl Ordunun tərkibində Q. Musabəyov, A. Mikoyan və H. Cəbiyevin olduğu “III İnternasional” zirehli qatarı gəldi (Musabəyov Q. Seçilmiş məqalə və çıxışları. I cild. Bakı, 1960. S. 36–37.) Mikoyanın xatirələrinə görə, onları vağzalda Kamo (Simon Arşakoviç Ter-Petrosyan, Zaqafqaziya bolşevik gizli fəaliyyətində işləmiş peşəkar inqilabçı) qarşıladı və maşınla artıq Müvəqqəti İnqilab Komitəsinin (Revkom) iclas keçirdiyi və qırmızı Azərbaycanın yeni hakimiyyətinin formalaşdığı keçmiş parlament binasına apardı.

Bolşeviklər Bakı Kommunasının döyüşkən-beynəlmiləlçi siyasətindən, 1918-ci ildə daşnaklarla edilən cinayətkar və nəticələri faciəvi olan kompromisdən dərs çıxarmışdılar. İnqilab Komitəsini (Revkom) müstəsna olaraq müsəlmanlardan təşkil etdilər ki, bu da baş vermiş dövlət çevrilişinə əlavə legitimlik qazandırır və bolşeviklərin millətlərin öz müqəddəratını təyini siyasətinə sadiqliyini nümayiş etdirirdi.

Müvəqqəti Revkomda vəzifələrin yekun bölüşdürülməsi aprelin 28-i səhər tezdən baş verdi. Bəzi məlumatlar vəzifə bölgüsünün təsadüfi və situativ xarakter daşıdığını, bolşeviklərin ciddi kadr qıtlığı yaşadıqlarını göstərir. Revkomun rəhbəri Bakı Kommunasının sağ qalmış komissarlarından biri, Azərbaycan bolşeviklərinin nümayəndəsi Nəriman Nərimanov elan edildi. Lakin Nərimanov Bakıya yalnız mayın ortalarında gələcəkdi.

Dörd xalq komissarı portfelini Bakı gizli təşkilatının üzvləri olan hümmətçilər - Hüseynov, Sultanov, Bünyadzadə və Vəzirov aldılar. Bir portfel AXC-nin keçmiş parlamentinin sosialist deputatı Qarayevə, digəri isə bolşevik zirehli qatarları ilə gəlmiş Musabəyova qismət oldu. İki portfeli isə 27 apreldə donanmadakı qiyamla fərqlənən Çingiz İldırım və türk könüllülərinin başında Bakı vağzalını ələ keçirən Abid Alimov. Aldılar.

Hərbi-dəniz işləri üzrə xalq komissarı Çingiz İldırım revkom üzvlərinin ilkin siyahısında yox idi. 27 apreldən 28-nə keçən gecə ötürülən radioqramda Müvəqqəti İnqilab Komitəsinin (Vremrevkom) N. Nərimanov, M.D. Hüseynov, Alimov və Ə. Qarayevdən ibarət olduğu bildirilir. Aprelin 27-də parlamentə bolşevik ultimatumunu imzalayanlar arasında da İldırımın adı yox id. İldırım parlamentə Azərbaycan dənizçiləri adından ayrıca bir ultimatum vermişdi. Görünür, onun 27 apreldəki coşqun fəaliyyəti, donanmadakı üsyan, eləcə də parlamentə hakimiyyətin təhvil verilməsi ilə bağlı ayrıca ultimatum verməsi yuxarıdan göndərilmiş, əvvəlcədən hazırlanmış planın icrası deyil, İldırımın “özfəaliyyət” ilə bağlı idi.

Müvəqqəti komissarlığın bütün xalq komissarları (narkomları) arasında o, çevrilişdən əvvəl Azərbaycanın inzibati elitasına daxil olan yeganə şəxs idi. Çingiz İldırım Bakı ticarət limanının rəisi vəzifəsində çalışırdı. 27 aprel hadisələri zamanı o, bolşeviklərə təkcə Həştərxana neft məhsullarının qaçaqmalçılıq yolu ilə çatdırılması kanalı kimi deyil, həm də öz lazımlılığını sübut etdi və günün sonunda faktiki olaraq inqilabçı hərbi-dəniz donanmasının rəhbəri oldu. Növbəti gün, aprelin 28-də səhər onun statusu inqilab komitəsinin üzvləri tərəfindən təsdiqləndi. Beləliklə, orduda heç vaxt xidmət etməmiş mülki mühəndis-metallurq Çingiz İldırım, rəsmən həm dəniz, həm də "gənc respublikanın" bütün quru qoşunlarının tabe olduğu hərbi-dəniz xalq komissarı oldu.

Bənzər vəziyyət Sovet Azərbaycanının digər rəhbərlərində də müşahidə olunurdu. Sənaye və ərzaq xalq komissarı vəzifəsini, bolşevik zirehli qatarlar dəstəsi ilə gəlmiş, ixtisasca həkim olan Qəzənfər Musabəyov tutdu. Maliyyə Komissarlığının rəhbəri isə maliyyə sahəsində heç vaxt işləməmiş Mirzə Davud Hüseynov oldu.

Xalq komissarlarının peşəkar təcrübəsizliyi, faktiki olaraq komissarlıqların rəhbərləri sayılan müavinləri tərəfindən kompensasiya edilirdi. Maliyyə komissarı M.D. Hüseynovun müavini maliyyəçi Nəsib bəy Tağıyev oldu. Səhiyyə komissarı A.A. Alimovun müavini isə Bakıda fəaliyyət göstərən və xidmətlərinin reklamına dövrün qəzetlərinin müvafiq bölmələrində rast gəldiyimiz ümumi praktika həkimi A.Q. Kazımov

Sənaye komissarı doktor Musabəyovun rəhbərliyi altında bütöv bir müavinlər kollegiyası formalaşdırılmışdı. Neft sənayesi və Rusiyaya yanacaq göndərilməsi məsələləri ilə ilkin olaraq RSFSR “Qlavtop”unun keçmiş sədri, hələ aprelin əvvəlində Müsavat hökuməti və Bakı burjuaziyası ilə danışıqlar aparmaq üçün Bakıya gəlmiş N.İ. Solovyov məşğul olurdu. Ərzaq məsələləri ilə İ.Y. Myaçin, kənd təsərrüfatı ilə isə AXC parlamentinin keçmiş deputatı S.A. Ağamalıoğlu məşğul olurdu.

Səriştələri şübhə doğuran həmin xalq komissarlarının müavinlərinin siyahısı "Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin Xəbərləri"nin (İzvestiya) birinci nömrəsində dərc edilmişdi.

Çevrilişdən dərhal sonra revkomun fəaliyyətində asayişin təmin olunması məsələləri ön plana çıxdı. İlk əmrlərdən birində deyilirdi: "Dövlət, ictimai və özəl müəssisələrin bütün qulluqçularına öz yerlərində qalmaları və adi işlərini davam etdirmələri tapşırılır." Bu, bir tərəfdən sabitlik görüntüsü yaratmaq cəhdi idi, digər tərəfdən isə yeni hakimiyyətin hələ tam idarəetmə resurslarına malik olmadığını göstərirdi.

Bakıda və onun rayonlarında komendant saatı tətbiq olundu, spirtli içkilər qadağan edildi. Qanuna görə axşam saat 9-dan sonra xüsusi icazə olmadan şəhərdə hərəkət etmək qadağan idi. Bu qərarlar təsadüfi deyildi - şəhərdə nəzarətin zəif olduğu bir şəraitdə minimum intizamı qorumaq üçün sərt inzibati tədbirlər qaçılmaz sayılırdı.

Fövqəladə Komissiya (ÇK) artıq aprelin 28-i səhər saatlarında yaradıldı. Onun rəhbərliyinə bir neçə saat əvvəl Bayıl həbsxanasından qaçmış, bakılı metal işçisi, “müsavatçılar” tərəfindən dəfələrlə həbs edilmiş gizli inqilabçı Andrey Yemelyanoviç Çurayev gətirildi. 

Bakı küçələrində Qırmızı Qvardiya sıralarına könüllülərin yazılması prosesi gedir, silah paylanılırdı (Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin Xəbərləri. 1920. 29 aprel. № 1. S. 2). Həmid Sultanovun və ya A. Çurayevin orderi olmadan həyata keçirilən hər hansı həbs və rekvizisiya (müsadirə) qanunsuz elan edilirdi (Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin Xəbərləri. 1920. 29 aprel. № 1. S. 2). Teymur Əliyev Hərbi-İnqilab Tribunalının sədri təyin olundu (Kommunist. № 1. S. 3).

Lakin parlament tərəfindən hakimiyyətin İnqilab Komitəsinə verilməsi çevrilişin yerlərdə, xüsusilə də güc strukturları tərəfindən qansız və problemsiz qəbul ediləcəyinə zəmanət vermirdi. Aprelin 28-i gündüz saatlarında 11-ci ordunun komandanı Levandovski Bakıya gəldikdə, o, Müvəqqəti İnqilab Komitəsinin malik olduğu resursları son dərəcə skeptik qiymətləndirdi. Vəziyyətlə tanış olduqdan sonra yürüşdə olan bütün bölmələrinə hərəkəti sürətləndirməyi əmr etdi. 28-ci diviziyanın komandiri ilə söhbətində isə açıq dedi: “İnqilab Komitəsinin real gücü yoxdur” (Rusiya Dövlət Hərbi Arxivi (РГВА). F. 195. Op. 4. Ed. xr. 252).

Bu qiymətləndirmə təsadüfi deyildi. Bakıda bolşevik könüllü dəstələrinin kütləvi formalaşdırılması yalnız aprelin 28-də başlamışdı. Levandovski AXC ordusunun hissələrinin və türk könüllülərinin bolşeviklərin tərəfinə keçməsinin səmimiliyinə inanmırdı. Eyni şübhəni o, daha əvvəl Xəlil paşanın bolşevikpərəst addımları ilə bağlı da ifadə etmişdi.

Parlamentin hakimiyyəti təhvil vermək üçün irəli sürdüyü əsas şərtlərdən biri dövlət aparatının qorunması idi. Qərara görə, AXC idarələrində çalışan bütün qulluqçular öz vəzifələrində qalmalı, yalnız məsul postlar dəyişdirilməli idi (Keçmiş parlamentin hakimiyyətin ötürülməsi haqqında sonuncu qərarı // Kommunist. 1920. 6 may. № 4. S. 3). İlk günlərdə bolşeviklər bu şərtə ciddi əməl etdilər.

Bu prosesin necə getdiyini hərbi sahədə aydın görmək olur. Aprelin 28-i səhər saatlarında müdafiə naziri Səməd bəy Mehmandarov nazirliyə gələrək son iki əmrini imzaladı. Birinci əmrində o, hakimiyyətin bolşeviklərə verildiyini bildirir, ordu əmlakının qorunmasını tələb edirdi (Azərbaycan Demokratik Respublikası (1918–1920). Ordu: sənədlər və materiallar. Bakı, 1998. S. 183).

İkinci əmri isə artıq fərqli ruhda idi. O, səlahiyyətlərini Çingiz İldırıma təhvil verdiyini bildirir və həmkarları ilə belə vidalaşırdı:

"...hamınıza, ən böyüyündən ən kiçik əsgərinə qədər, ürəkdən və can-başla həm iş, həm də ailə həyatınızda hər cür rifah, uğur və xoşbəxtlik arzulayıram. Allah kömək olsun".

Bununla belə, bəzi əsas fiqurlar yerlərində qaldı. Müdafiə nazirinin müavini və qərargah rəisi general-mayor Əbdülhəmid bəy Qaytabaşı öz vəzifələrini qorudular. Əliağa Şıxlinskinin xatirələrinə görə, aprelin 29-da Çingiz İldırım şəxsən onun evinə gələrək birlikdə işləməyi təklif etmişdi. Şıxlinski razılıq verdikdə, “o (qeyd: İldırım), gülümsəyərək paqonlarıma işarə etdi və dedi: “Bunu çıxarmaq lazım gələcək”. Mən cavab verdim: “Əgər mən sizinlə işləməyə razılaşıramsa, bu o deməkdir ki, məndə ilk növbədə daxili bir dəyişiklik baş verir və bu, xarici görkəmdən qat-qat vacibdir. Görkəmimi, əlbəttə ki, asanlıqla dəyişərəm”. Sonralar mən xalq komissarının müavini deyil, hərbi rəhbər oldum” (Şıxlinski Ə.A. Mənim xatirələrim. Bakı, 1944. Səh. 177.).

Daxili işlər sahəsində də oxşar model tətbiq olundu. Bakı şəhərinin polismeysteri Kabulov həbs edilmədi, ona səlahiyyətlərini milis rəisi Rəhim Hüseynova təhvil vermək tapşırıldı. Hətta Kabulov müavin kimi vəzifəsində saxlanıldı.

Növbəti gün Revkomun 1 nömrəli sərəncamı ilə polis “milis” adlandırıldı, pristavlar vəzifədən uzaqlaşdırıldı və komissarlarla əvəz edildi. Lakin sənəddə maraqlı bir qeyd vardı: əgər pristav “etibarlı sovet işçisi” sayılarsa, o, vəzifəsində saxlanıla bilərdi — sadəcə adı dəyişdirilərək “sahə komissarı” olmalı idi (Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin Xəbərləri. 1920. 30 aprel. № 2. S. 1).

İlk günlərdə yalnız 1-ci Bakı sahəsinin rəhbəri Abbas Usubbəyov həbs edilmişdi. Bu da onu göstərir ki, kütləvi repressiya mexanizmi dərhal işə düşməmişdi.

Bununla belə, proses heç də problemsiz getmirdi. Aprelin 28-də bolşeviklər Bakının bütün rayonları ilə əlaqə qura bilməmişdilər. “Fəhlə konfransı” vasitəsilə çevrilişə legitimlik qazandırmaq planı da baş tutmadı. Mailov teatrında keçirilməsi nəzərdə tutulan iclas informasiya çatışmazlığı səbəbindən baş tutmadı və mitinqlə əvəz olundu.

Eyni problemlər iqtisadi obyektlərin mühafizəsində də özünü göstərdi. Vağzalyanı, Balaxanı və Sabunçu kimi fəhlə rayonları gün ərzində komissiya ilə əlaqəyə çıxmadılar. Mərkəzi Komissiya hətta qəzet vasitəsilə onlara müraciət etmək məcburiyyətində qaldı.

Aprelin 29-da Bakı İnqilab Komitəsi keçmiş şəhər idarəsinin binasına yerləşdi. Komitəyə Əliheydər Qarayev rəhbərlik edirdi. Onun eyni vaxtda xalq əmək komissarı olması bir reallığı üzə çıxarırdı: bolşeviklərdə yerli, ixtisaslı və etibarlı müsəlman kadr qıtlığı var idi.

Azərbaycanın qəzalarında hakimiyyətin ötürülməsi cüzi çətinliklərlə, sakit keçirdi. Yerlərdə yaranan bu çətinliklərin xarakteri haqqında Gəncənin nümunəsində mühakimə yürütmək olar. “İzvestiya...” qəzetinin məlumatına görə, aprelin 28-i səhər saatlarında Müvəqqəti İnqilab Komitəsinin (Vremrevkom) sədri telefonla qubernator Xudadat bəy Rəfibəyliyə Bakıda çevriliş baş verdiyini bildirdi.

Eyni zamanda yerli kommunistlər Rəfibəylidən hakimiyyəti təhvil verməyi tələb etdilər. Gəncə qubernatoru birbaşa cavabdan yayındı və görünür, gün ərzində yerli ordu rəsmiləri ilə müqavimət imkanları barədə danışıqlar apardı. Rəfibəylini İnqilab Komitəsinə tabe olmağa inandırmaq üçün AXC ordusunun qərargah rəisi olmuş və bolşeviklərin dövründə də öz vəzifəsini qoruyub saxlamış general Qaytabaşı, eləcə də keçmiş parlamentin sosialist deputatları Səfikürdski və Camalbəyov Gəncəyə zəng etdilər (Gəncədə yeni hakimiyyət // Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin Xəbərləri. 1920, 30 aprel. № 2. S. 3).

Nəticədə Rəfibəyov Müvəqqəti Revkomdan təlimat gözlədiyini elan etdi və sonra Bakıdan gələn tələblə səlahiyyətlərindən əl çəkdi. Gəncə Revkomunun ilk sədri İbrahim Əliyev oldu. “Timofey Ulyantsev” zirehli qatarı 1 may saat 13:50-də Gəncə stansiyasına çatdı və XI Ordunun qərargahına hakimiyyətin Müvəqqəti Revkoma keçməsi, əsgərlər və qarnizon tərəfindən bolşevik çevrilişinin dəstəklənməsi barədə teleqram göndərdi (РГВА; F. 195. Op. 3. Ed. Xr. 411. L. 81).

Qarabağda isə fərqli mənzərə vardı. Şuşada bolşevik təşkilatı olmadığı üçün qubernator Xosrov bəy Sultanov özü revkom yaradaraq Bakı bolşeviklərinə təbrik göndərdi (РГАСПИ; F. 17. Op. 100. D. 810. L. 7).

Oxşar hal Şamaxıda da yaşandı. Burada revkom yerli kommunistlərin iştirakı olmadan, keçmiş idarə aparatının nümayəndələri tərəfindən formalaşdırılmışdı və bu fakt Qırmızı Ordu tərəfindən etirazla qarşılanmadı (РГВА. F. 195. Op. 3. Ed. xr. 4).

Bütün bunlar bir həqiqəti göstərir: 28 aprel hadisələri sadəcə “hakimiyyətin verilməsi” deyildi. Bu, daha çox köhnə ilə yeninin paralel mövcud olduğu, idarəetmənin hələ tam formalaşmadığı, qeyri-müəyyən və ziddiyyətli bir keçid dövrü idi.

Əli Novruzov