Aprelin 30-u Qubada erməni daşnakları tərəfindən dinc türk- müsəlman əhalisinə əhaliyə qarşı soyqırım prosesinin başladılmasından 108 il keçir. Əslində bu hadisə Bakı Kommunasının əyalətlərdə Sovet hakimiyyətini qurmaq planının bir parçası idi. Daşnak dəstələrinin bu planda iştirakı Sovet hakimiyyətinin türk müsəlman əhalisi tərəfindən silah gücünə qurulan yad hakimiyyət kimi qəbul edilməsinə səbəb oldu. Bəs necə oldu ki, mart qırğınları zamanı ayrıca hərəkət edən daşnaklar daha sonra Bakı Kommunasının Qırmızı Qvardiyasının tərkibində hərəkət edərək bolşevik maskası altında qırğınlarını davam etdirdilər? Qeyd etmək lazımdır ki, mart qırğınlarından sonra bolşeviklər hakimiyyət ortağı istəmir və daşnakların müstəqil silahlı gücünü Sovet hakimiyyətinə qarşı təhdid kimi qəbul edirdilər. Bakı Soveti İnqilab Müdafiə Komitəsinin 20 aprel 1918-ci il tarixli qərarı ilə Bakı Şəhər Duması ləğv edildi və şəhər özünüidarəetmə funksiyaları Bakı fəhlə, əsgər və dənizçilər deputatları Sovetinə verildi. İnqilabi Müdafiə Komitəsinin təlimatına əsasən, Erməni və Müsəlman Milli Şurasının fəaliyyəti dayandırıldı. Hakimiyyətin bütün funksiyaları fəhlə, əsgər və dənizçi deputatları Sovetinə vəya Mərkəzi Sovet hökuməti tərəfindən ayrılmış təşkilatlara
aid olmağa başladı. Erməni Milli Şurasının qarşısına hərbi
birləşmələrini ləğv etmək və sovet qoşunları ilə
birləşdirmək tələbi qoyuldu. Müsavatla aparılan
müharibədə zəifləyən və Osmanlı müdaxiləsi
ehtimalından ehtiyat edən ermənilər, öz birliklərinin bir
hissəsinin Qızıl Orduya qoşulmasını, qalan hissəsinin isə
buraxılmasını qəbul etdilər. Əslində bolşeviklər bənzər təklifi silahlı münaqişə bitdikdən sonra Müsavata da etmişdilər. Lakin Müsavatçılar Sovet hakimiyyətini formal olaraq qəbul etsələr də faktiki olaraq "Azərbaycan muxtariyyəti" uğrunda mübarizə apardıqları üçün qüvvələrini şəhərdən tamamilə çıxardılar. Bu vəziyyət Bakı Sovetinin Qırmızı Qvardiyasının tərkibindəki etnik balansa ciddi şəkildə təsir etdi. Qvardiyada müsəlman alaylar olsa da çox hissəsi erməni daşnaklarının xeyrinə dəyişdi. Mart qırğınlarından sonra Bolşeviklər riskli bir addıma əl atdılar. Bakı Kommunası sərhədlərinin Bakıdan kənar ərazilərə, ümumilikdə bütün Qafqaza yayılması haqqında qərar qəbul etdilər. Aprel ayında artıq bütün Bakı uyezdi Bakı Kommunasının nəzarətinə keçdi. Eyni zamanda bolşeviklər ölkənin şimalında da öz təsir dairəsini genişləndirdi. Georgi Sturuanın rəhbərliyi altında bolşevik ordusu əvvəlcə Xaçmazı ələ keçirdi və Qubanı mühasirəyə aldı.Mir Cəfər Bağırov 1918-ci ildə mart ayında Qızıl Ordunun Bakıdakı nümayəndəsi Georgi Strua ilə əlaqə yaradıb Quba qəzasında onlara qarşı çıxacaq qüvvənin olmadığını və hakimiyyətin M. C. Bağırovun timsalında bolşeviklərə meyilli şəxslərin əlində cəmləşdiyini bildirir. Bu addımla M. C. Bağırov Qızıl Ordunu Qubaya dəvət etmək, Şamaxıdan Qubaya istiqamət götürmüş Hamazaspın dəstəsinin törədə biləcəyi qırğınların qarşısını almaq istəyirdi. Bununla da bolşeviklərin Hamazaspla birləşməsinin qarşısı alınırdı. Gelovaninin əsasən ermənilərdən və bir neçə nəfər rus və yəhudidən ibarət beynəlmiləl dəstəsinin Qubaya yaxınlaşdığı haqda məlumat alan qubalılar öz növbəsində şəhərin müsəlman, rus və yəhudi cəmiyyətlərinin nümayəndələrindən ibarət beynəlmiləl bir heyəti bolşeviklərin dayandığı Xaçmaz stansiyasına göndərirlər. Nümayəndələr hərbi dəstənin Qubaya nə məqsədlə gəldiyini öyrənmək istəyir, daha sonra "bolşeviklərin proqramı ilə tanış olmaq və bu proqramın qubalılar üçün nə dərəcədə məqbul olub-olmadığını müəyyənləşdirmək məqsədilə" özlərinin Bakıya buraxılmasını xahiş edirlər. Gelovani qubalıların xahişinə hörmətlə yanaşır və özü şəxsən onlara Bakıya getməyi və bu məsələni "bolşeviklərin rəhbərləri ilə" araşdırmağı tövsiyyə edir. Lakin Gelovani bolşevik hakimiyyətinin qubalılartərəfindən könüllü olaraq tanınmasını gözləmədən, 1918-ci ilin aprelində 187 əsgərlə Quba şəhərinə daxil olur.Nəticədə 1918-ci ilin aprelin 23-də Qubada sovet hakimiyyəti elan edilir, Gelovani də Qubanın qəza komissarı elan edilir.Lakin Qubada Sovet hakimiyyətinin 9-cu günü şəhərin yəhudi məhəlləsi tərəfindən Qotsinskinin Dağıstan hərbi dəstələrinin silahlı hücumu başlanır. Şəhərə hücum edən Dağıstan hərbi dəstələri bolşeviklərdən ya şəhəri dərhal tərk etməyi, ya da təslim olmağı tələb edirlər. Gelovani Dağıstanlılara rədd cavabı verir və beləliklə günlərlə davam edən küçə döyüşləri başlanır. Gelovaniyə kömək üçün Bakıdan toplarla və pulemyotlarla silahlanmış hərbi dəstə gəlir. Bundan əlavə Gelovaniyə hərbi dəstək üçün Xaçmazdan 2 topla birlikdə Ağacanyanın rəhbərlik etdiyi və yalnız ermənilərdən ibarət olan 150 nəfərlik hərbi dəstə də gəlir. Üç gün davam edən şiddətli döyüşlərdən sonra ləzgi dəstələri bolşeviklərin ilk komandasını Qubadan qovub çıxarırlar. Ləzgilərin azadlıq əməliyyatının təşəbbüskarlarının kim olduğunu müəyyən etmədən Kommuna qoşunlarının Daşnaklardan ibarət dəstələri həmin günlər guya ləzgiləri qarşılamağa çıxmış 27 nəfər Quba şəhər sakinini güllələyirlər. Gelovaninin gəlişindən bir müddət sonra, 1918-ci il mayın 1-də Bakıdan Notavos Oqanesovun başçılığı ilə silahlıdrujina Qubaya gəlir. Bu ərəfədə Əli bəy Zizikskinin və Hacınskinin silahlı qüvvələri Şamaxıdan geri çəkilib, bir müddət Dərbənddə qalır və qüvvə toplayır. Mayın 3-də onların silahlı dəstələri Qubaya doğru hərəkət edirlər. Gelovaninin dəstəsi ilə ləzgilər arasında silahlı toqquşmanı mahiyyətcə Qubada "Sovet hakimiyyətinin qurulması" uğrunda birinci və sonuncu mübarizə adlandırmaq olar. Bolşeviklərin məğlubiyyəti ilə nəticələnmiş bu mübarizədə hər iki tərəf itkilərə məruz qalır, ləzgilərdən 200 nəfər öldürülür, həmçinin dinc sakinlərdən 70 nəfər həlak olur."Vətəndaş müharibəsinin" bu ilk döyüşünün "siyasi xarakterinə baxmayaraq, Daşnakların həmin döyüşdə iştirakı geri çəkilərkən törətdikləri hərəkətlər artıq ona "milli" çalar verir. Qubanı tərk edərkən Ağacanyanın əmri ilə onun əsgərləri xristian əhalisini, əsasən erməniləri Qubadan çıxarmaq məqsədilə ev-ev gəzərək onları bir yerə toplayır, lakin atışma zamanı yarı yolda ataraq qaçırlar. Nəticədə Kommuna qoşunundakı Daşnak dəstəsi tərəfindən zorla aparılan dinc xristian əhalisindən onlarla rus, yəhudi və erməni, o cümlədən rus və erməni keşişləri həlak olur. Geri çəkilərkən Ağacanyanın dəstəsi Bulvar küçəsini yandırmış, Bazar küçəsində 16, Komendant küçəsində-7, şəhərin kənarında köhnə həbsxananın yaxınlığında isə 35 nəfəri qətlə yetirmişdi.Komissarların Petrovskidən (Mahaçqaladan) köməyə çağırdıqları silahlı dəstələr üç günlük döyüşdən sonra məğlub olaraq Qubanı tərk edirlər. Çox güman ki, düşmənin planından və mövqeyindən xəbərdar olmaq üçün Əli bəy Mir Cəfərə qırmızı dəstələrlə bir yerdə Qubanı tərk etməyi tapşırır. Çıxan dəstələr Dərbəndə tərəf istiqamətlənir və bu zaman Şimali Qafqazdan qayıdan qırmızı komissar Naneyşvilinin eşalonu ilə qarşılaşırlar. Qırmızılar belə qərara gəlir ki, Bakıya hərəkət edib, qüvvələri səfərbərliyə alıb yenidən Qubaya hücum etsinlər. Lakin bolşeviklərin silahlı qüvvələri Bakıya qayıdarkən Dəvəçidə (Şabran) Müsavat (milli qüvvələr-A.M) qüvvələri tərəfindən gülləbarana məruz qalır. Lakin məsələ bununla bitmədi. Bakı XKS hökuməti bu dəfə Qızıl Ordu zabiti olub əslində daşnak dəstələrinin komandiri olan və 1914-16-cı illərdə Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı qırğınlar törədən Hamazasp Srvandsyanın rəhbərlik etdiyi Kommuna qoşunlarını aprelin 30-u Qubaya göndərdi. Hamazaspın başçılığı ilə Bakı tərəfdən hərəkət edən 4 eşalon silahlı daşnak dəstəsi Dəvəçidə Naniyaşvilinin qüvvələri ilə birləşir. Hamazasp Şaumyanın göstərişi ilə Qubaya hərəkət etdiyini bildirir. Bu vaxt, M.C. Bağırov Naniyaşvili tərəfindən bolşeviklərin Hamazaspın silahlı qüvvələrində nümayəndəsi təyin olunur. Bütün bunlara baxmayaraq, M.C. Bağırov Hamazaspı yaxşı tanıdığına görə bolşeviklərin bu dəstədə nümayəndəsi olmaqdan imtina edir.1918-ci ilin aprelin 30-u (bəzi mənbələrə görə mayın 1-i)Bakı Kommunasının Qırmızı Bayrağı və bolşevik adı ilə Hamazaspın rəhbərlik etdiyi qoşun üç tərəfdən Qubaya daxil oldu. Elə birinci gün şəhərin aşağı hissəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 715 müsəlman öldürülmüş, Böyük Şosse və Bazar küçələri dağıdılmışdı. İkinci gün 1012 nəfər dinc sakin qətlə yetirilmişdi. Şəhər əhalisinin nümayəndəsi kimi Hamazaspın yanına gələn Ə. Əlibəyov ondan həlak olanları dəfn etmək üçün imkan yaratmağı xahiş etsə də onun xahişi rədd edilmişdi. Hamazasp dəfələrlə edilmiş müraciətlərə baxmayaraq öldürülmüş müsəlmanların meyidlərinin küçələrdən toplanmasına və dəfn edilməsinə icazə verməmişdi. Məqsəd də aydın idi əhalini qorxutmaq və vahimə içində saxlamaq. Qubaya gəlməsinin dördüncü günü (1918-ci il mayın 4–5-i) Hamazasp qubalıları Cümə məscidinin qarşısındakı meydana toplayaraq onlara təxminən belə müraciət etmişdi: “Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni xalqının qəhrəmanıyam və onun mənafelərinin müdafiəçisiyəm. Mən öz cəza dəstəm ilə bura iki həftə əvvəl burada öldürülmüş ermənilərin qisasını almaq üçün göndərilmişəm. Sizin müsibətiniz mən sabah dağa qalxdıqda başlayacaq. Sabah mən dağa qalxacağam və şəhəri bombalayaraq bünövrəsinədək yer üzündən siləcəyəm. İndi mənim Digah və Alpan kəndlərində döyüşlərim gedir. Sonra, sizə od vuraraq Üçgün və Kimil kəndlərinə keçəcəyəm, Şahdağa çatacağam və siz onda anlayacaqsınız ki, erməniləri öldürmək nə deməkdir. Mən buraya qayda-qanun yaratmağa və sovet hakimiyyəti qurmağa yox, öldürülmüş ermənilərə görə sizdən qisas almağa göndərilmişəm. Bizə türklər və sizlər tərəfindən öldürülmüş qardaşlarımıza – ermənilərə görə dənizin (Xəzər) sahillərindən Şahdağa qədər olan bütün müsəlmanları Şirvanda (Şamaxıda) qırdığımız kimi məhv etmək, evlərinizi isə yerlə yeksan etmək əmri verilmişdir.” Zorakılıqlar, qətl və qarətlər 9 gün davam etmiş, qəza əhalisinin əmlakları talan edilmişdi.Arxiv sənədləri araşdırılarkən məlum olmuşdur ki, Hamazasp gəldiyi vaxt Qubaya Petrovskidən də əlavə qüvvə göndərilmişdir. Ümumilikdə Quba qəzasında soyqırımı törədən erməni daşnak dəstə üzvlərinin sayı 5-6 mindən yuxarı olmuşdur. Cəza dəstəsinin üzvləri müsəlmanlar üzərində insan təfəkkürünə sığmayanvəhşilikləri tətbiq edirdilər. Şahid ifadələri erməni vandallarının yaralanmış və öldürülmüş insanlar üzərində tətbiq etdikləri insanlığa sığmayan “təcrübələrdən” zövq aldıqlarını təsdiq edir. Qana susamış daşnak cəlladları öldürülən müsəlmanların meyitlərindən əl çəkmirdilər. Quba sakini 40 yaşlı Məşədi Həmdulla Əliyev bildirirdi ki, şəhərdə çox sayda meyitlər gördüm, meyitlərdən təxminən 2/3-si uşaq və qadınlara aid idi. Bir çox qadınların döşləri kəsilmiş, meyitlər isə xəncərlər ilə eybəcər hala salınmışdı. Ermənilər tərəfindən öldürülən 300 nəfərin 51 qəbirdə basdırıldığı barədə də arxiv materialları mövcuddur. Hamazaspın vəhşilikləri nəticəsində Quba qəzasında ümumilikdə 16 mindən çox dinc sakin məhv edilmişdi. On gün davam edən Quba qırğınları nəticəsində təxminən 2000 sakin öldürülmüş, 122 kənd yandırılmış, 150 ev yerlə-yeksan edilmiş, əhalinin mülkiyyətinə isə on milyonlarla rubl dəyərində zərər vurulmuşdu. Alman tarixçisi Yorq Baberovskiyə görə isə ümumilkdə 4000 sakin erməni daşnakları tərəfindən soyqırıma məruz qalmışdır. Fövqəladə Komissiyaya qəzanın ayrı-ayrı kənd icmalarına dəymiş ziyanla əlaqədar təqdim olunmuş sənədlərdə adətən ailələrə dəymiş ziyan ümumi şəkildə göstərilmiş, bəzi hallarda yandırılmış evlər və digər tikililər barədə məlumatlar göstərilməmişdir.Din ocaqlarını yerlə-yeksan edən daşnaklar islam dininə, şərq tarixinə və ədəbiyyatına aid minlərlə qiymətli kitabları da məhv etmişdilər. Qubanın mərkəzində Əbdürrəhim əfəndinin mədrəsəsini yandıran ermənilər buradakı 1300-ə yaxın kitabı tonqala atmışdılar. Məlumatlara əsasən Digah məscidində təxminən 600 700 il əvvələ aid, alban və ərəb əlifbası ilə yazılmış kitablar var idi. Ermənilər həmin kitabları məhv etməklə yanaşı, kənd məscidinin təxminən bir kilometrliyində yerləşən pirin daşını da partlatmışdılar. Bu, üstündə alban yazıları olan çox nəhəng daş idi. 1918-ci ilin dekabr ayında Gəncə dairə məhkəməsinin üzvü Andrey Novatski öz köməkçisi ilə birlikdə Qubaya gələrək istintaqa başlamışdı. 1918-ci ilin aprel-may aylarında Quba qəzasında törədilmiş soyqırımı ilə bağlı istintaq qrupu bir neçə ay ərzində onlarla şahidi dinləmiş, hadisə baş verən yerlərə baxış keçirilmiş və 3 cildlik 451 vərəqdən ibarət sənədlər toplusu hazırlanmışdır. Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatski komissiyasının sədrinə Quba şəhəri, həmçinin Quba qəzasının kəndlərində törədilmiş dağıntılar, eləcə də dinc əhaliyə qarşı törədilmiş zorakılıqlar barədə məruzə təqdim etmişdir. Mir Cəfər Bağırov Hamazaspın törətdiyi vəhşiliklər, müsəlmanlara qarşı həyata keçirdiyi soyqırım barədətərcümeyi-halının saxtalaşdırılmamış hissəsində geniş məlumat verir. O, hətta daşnakların vəhşiliyi zamanı əmisi Mir Talıb, əmisi oğlu Mir Haşım və yeznələri Hacı Heybətin qətlə yetirildiyini də qələmə alır. Bütün bu vəhşiliklər Mir Cəfər Bağırovun gözü qarşısında baş versə də o bu qətliama müdaxilə edə bilmir. O, faktiki olaraq Bakı bolşevik hökumətinin qırmızı bayrağı altında fəaliyyət göstərən Quba soyqırımının icraçısı Hamazaspın dəstəsində idi. Mir Cəfər Bağırov 1918-ci ildə Azərbaycan xalqının başına gətirilmiş ən ağır faciənin şahidi və məcburi iştirakçısına çevrilir (Bax: Eldar İsmayılov "Azərbaycanda Böyük Terrorun tarixi", 2024). Hatta M.C. Bağırovun 9 aprel 1954-cü ildə keçirilən dindirilmə protokolunda (bu protokolun uydurma olma ehtimalı böyükdür) ona qarşı itiham iləri sürülüb. İttihama görə Mir Cəfər Bağırov guya 1918-ci ildə Hamazaspın komandanlığı ilə Quba şəhərini darmadağın edən və şəhər əhalisinin əhəmiyyətli hissəsini qıran daşnak dəstəsinin tərkibində olub. Saxta ittihama görə guya Bağırov buna razılıq əlaməti olaraq qeyd edib ki, o, Bakı Xalq Komissarları Sovetinin Dağıstandakı fövqəladə səlahiyyətli nümayəndəsinin göstərişi ilə bu dəstədə olub. Lakin o, Levan Qoqoberidze tərəfindən daşnakların vəhşiliklərinin qarşısını almaq üçün tədbir görmədiyi üçün həbs olunub.Hərçənd Mir Cəfərin qırğınlardan sonra gücü yalnız Bakıya teleqram vurmağa çatır. Dörd gündən sonra Alyoşa Caparidzenin səlahiyyətli nümayəndəsi Leon Qaubaridze Qubaya gəlir. Buradan o, Mir Cəfəri təxribatda ittiham edərək həbs etdirir. Mir Cəfərin qırğınlar və Hamazaspla bağlı Şaumyana göndərdiyi etiraz notasının da bir nəticəsi olmur. Quba soyqırımının təşkilatçısı və icraçısı Hamazasp Srvandztyan isə Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra həbs edilir. Həbsxanadan qaçmağa cəhd etsə də, 1921-ci ilin fevralın 16-da daşnakların İrəvanda qiyam qaldıraraq Sovet hakimiyyətini devirməsi onun bu planını puç edir. Nəticədə bolşeviklər 1921-ci il fevralın 18-də İrəvan həbsxanasında Hamazaspı balta ilə doğrayaraq ağır işgəncə ilə cəzalandırırlar. Onun səsi həbsxananın hər yerinə yayılır: “Vəhşilər, məgər adamı belə öldürərlər?!” Bədəni və başı o qədər eybəcər hala salınmışdı ki, oğlu onu yalnız keçə çəkmələrindən tanıya bilmişdi.
Ədəbiyyat:1. Firuz Kazımzade “Transkafkasya İçin Mücadele, 1917-1922. Türkiye-İngiltere-Rusya”. Çeviren: Dr. Cengiz İ. Çay. TK Yayınları, 2016.
2. Adıgözəl Məmmədov “Mir Cəfər Bağırov 31 mart soyqırımı barədə nə yazıb?”
3. Adıgözəl Məmmədov "Mir Cəfər Bağırovun siyasi portreti".
4. Adıgözəl Məmmədov "Mir Cəfər Bağırov: Tam məxfi sənədlər
5. Fazil Məmmədov "Mir Cəfər Abbas oğlu Bağırov: tərcümeyi hala dair ştrixlər yaxud tarixin həqiqəti
6. Eldar İsmayılov "Azərbaycanda Böyük Terrorun tarixi 7. Солмаз Рустамовой-Тогиди — «Куба. Апрель-май 1918 г. Мусульманские погромы в документах», 2010
8. Solmaz Rustamova Tohidi “Müstəqilliyin çətin yolu”. 9. Yorq Baberovski “Düşmən hər yerdədir, Stalinizm Qafqazda”, 2021.
Əli Novruzov (tarixçi)