Zek Kreqqerin rejissorluğu ilə ərsəyə gələn "Resident Evil" filmindən ilk görüntülər yayımlanıb. Tanınmış rejissor bu dəfə məşhur video oyun franşizasını özünəməxsus üslubda təqdim edib.


Postxronika.az xəbər verir ki, ''Sony'' və ''Columbia Pictures''in yeni layihəsi orijinal süjetə malik müstəqil ekran işidir. Filmdə Oustin Abramsın canlandırdığı kuryerin sağ qalma mübarizəsindən bəhs olunur. Baş qəhrəman xaosa qərq olan dəhşətli gecədə həyatda qalmaq üçün amansız yarışa girir. Kreqqer ''Capcom''un oyun seriyasına sadiq qaldığını və bu təsirin filmdə hər addımda hiss olunacağını vurğulayıb.


Aktyor heyətində Zek Çerri, Kali Reis və Pol Uolter Hauser kimi simalar yer alıb. Ssenari Zek Kreqqer və Şay Hatten tərəfindən birgə yazılıb. Ekran əsərinin premyerası sentyabrın 18-nə planlaşdırılır. Bu adaptasiya franşizanın əvvəlki filmlərindən fərqli vizual dili ilə seçilməyi hədəfləyir.