Bakıda ictimai nəqliyyatda tətbiq edilən yeni ödəniş sistemində yaranan texniki nasazlıqlar və qeyri-şəffaf pul kəsimləri sərnişinlərin ciddi etirazına səbəb olub. Vətəndaşlar avtobusdan istifadə etmədikləri vaxtlarda belə bank kartlarından vəsaitlərin silinməsini "rəqəmsal soyğunçuluq" kimi qiymətləndirirlər.
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Postxronika.az-a açıqlamasında bildirib ki, bu hal hüquqi baxımdan ciddi qanun pozuntusudur:
"Vətəndaşlar balanslarından əsassız vəsait silinməsi ilə bağlı mütləq şəkildə dərhal aidiyyatı nəqliyyat qurumlarına müraciət etməli və faktla bağlı məlumat verməlidirlər. Əgər vətəndaşa vəsaitin bank tərəfindən silindiyi barədə cavab verilərsə, həmin rəsmi cavabla birlikdə banka yaxınlaşmaq və ərizə yazaraq məbləğin hesaba geri qaytarılmasını tələb etmək lazımdır.
Bəzən qurumlar belə bir psixoloji məqamdan yararlanırlar: bilirlər ki, əksər insanlar 40-50 qəpiyə görə vaxt sərf edib şikayət etməyəcəklər. Lakin "dama-dama göl olar" prinsipi ilə yanaşsaq, hər vətəndaşdan bir manatın belə əsassız tutulması gün ərzində on minlərlə vəsaitin toplanması deməkdir. Hətta bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etməklə işin araşdırılmasını təmin etmək mümkündür".
Nurgül Yusifova