Ağdamın işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində "VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində ağır yol qəzası baş verib.

Postxronika.az Axar.az -a istinadən xəbər verir ki, hadisə zamanı "VAZ"-ın sürücüsü Cəsarət Hacıyev və sərnişini Surxay Kərimov həyatını itirib. Toqquşma nəticəsində xəsarət alan digər 4 nəfər — Yunis Süleymanov, Fuad Səfərli, Elnur Səfərli və Alimə Məmmədova dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

TƏBİB-dən verilən məlumata görə, müxtəlif dərəcəli xəsarətlər alan yaralılardan üçünün vəziyyəti orta ağır, birininki isə stabildir. Hazırda pasiyentlərin müvafiq şöbələrdə müalicəsi zəruri tibbi prosedurlarla davam etdirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.