Yollardakı yersiz tələskənlik və saniyələrlə ölçülən diqqətsizlik ağır qəzaların baş verməsinə birbaşa zəmin yaradır.

Postxronika.az Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, bir çox faciəvi hadisə məhz svetoforun siqnallarına düzgün riayət edilməməsi səbəbindən qaynaqlanır. Xüsusilə yaşıl işıq tam yanmadan hərəkətə başlamaq və ya qırmızıya saniyələr qalmış sürəti artırmaq hərəkət iştirakçılarının həyatını ciddi risk altına atır. Qurum xatırladır ki, sarı işıq siqnalı keçid üçün deyil, yalnız xəbərdarlıq məqsədilə yandığı üçün hərəkəti birmənalı şəkildə qadağan edir. Sürücülər hərəkətə başlamaq üçün mütləq yaşıl rəngin yanmasını gözləməli və “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsinin tələblərinə qeyd-şərtsiz əməl etməlidirlər. Cəmi bir neçə saniyəlik səbir həm qanuni məsuliyyətdən, həm də bərpası mümkün olmayan itkilərdən sığortalanmağın yeganə yoludur.